Azərbaycanın İslam dünyası ilə əlaqələri, müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi və ortaq mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi siyasət beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktorunun iştirakı ilə keçirdiyi görüşlər də bu əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın İslam təşkilatları çərçivəsində fəal iştirakı, müsəlman ölkələri ilə siyasi, humanitar və mədəni əlaqələrin genişləndirilməsi, eləcə də İslam irsinin qorunmasına göstərilən diqqət ölkənin bu istiqamətdəki mövqeyini ön plana çıxarır.
Bu prosesdə Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi humanitar, təhsil və mədəniyyət layihələri də mühüm yer tutur.
Bəs Azərbaycanın İslam dünyasında artan rolu hansı təşəbbüslərlə səciyyələnir və bu əməkdaşlıq gələcəkdə hansı istiqamətlərdə inkişaf edə bilər?
Globalinfo.az-a danışan deputat Aydın Mirzəzadə deyib ki, Azərbaycanın İƏT ilə əlaqələri çox sıx və məhsuldardır:
“Ölkəmiz İslam dünyasının və İslam mədəniyyətinin bir hissəsidir. İslam bizim tarixi ənənələrimizin bu gün əhəmiyyətli bir hissəsidir. Heç də təsadüfi deyil ki, Azərbaycanın adət-ənənələrinin və dünyagörüşünün bir çox xüsusiyyətləri İslam ölkələrinin xüsusiyyətləri ilə uyğun gəlir.
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycan beynəlxalq təşkilatlara üzv olmaqla bu dünyanın bir parçası olduğunu sübut etdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra İslam dünyası ilə çox böyük əlaqələr quruldu. Heç də təsadüfi deyil ki, ilk açılan səfirliklər İslam ölkələrində oldu. Azərbaycan bu ölkələrlə sıx iqtisadi əlaqələr formalaşdırdı. Bu uğurlu kursu Prezident İlham Əliyev də davam etdirdi.
Heydər Əliyev Fondu yaradıldıqdan sonra İslam dünyası ilə humanitar əlaqələrin inkişafına böyük əhəmiyyət verildi. Bu ölkələrdə mədəniyyətimizin tanınması tendensiyası gücləndi. Eyni zamanda, bu ölkələrin mədəniyyətinin və tarixinin tanınmasına da yer verildi.

Aydın Mirzəzadə
Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyeva İslam ölkələri ilə əməkdaşlığı öz fəaliyyətlərinin bir hissəsinə çeviriblər. Vaxtaşırı İslam ölkələrinə səfərlər, bu ölkələrin mədəniyyətinin ölkəmizdə tanıdılması mühümdür.
Bu gün həmin ölkələrlə təkcə diplomatik və siyasi deyil, həmçinin iqtisadi, hərbi-texniki əlaqələr də inkişaf edir. Bu günlərdə ölkəmizin BMT baş katibi seçkilərində öz xarici işlər nazirinin namizədliyini dəstəkləməsi bir daha göstərdi ki, Azərbaycan İslam dünyası ilə nə qədər qətiyyətli və güclü addımlar atır.
Həmçinin Azərbaycan dövləti müxtəlif beynəlxalq tribunalarda İslama qarşı kəskin mübarizə aparır. Azərbaycanın İslam mədəniyyətinə və baxışlarına malik ölkə olduğu dəfələrlə vurğulanıb. Azərbaycan deyəndə, ölkəmizin Avropa ilə İslam mədəniyyətini sintez etdiyi, İslam mədəniyyətini müasir dəyərlərlə uğurla birləşdirən ölkə olduğu xarici ekspertlər tərəfindən dəfələrlə vurğulanıb. Hesab edirəm ki, bu, sonrakı müddətdə də davam edəcək”.
Turan Rzayev
Globalinfo.az