pasin deputat 900x514 1

“Ermənistan rəhbərliyi ikibaşlı yanaşmalar sərgiləməkdə davam edir. Belə ki, bir həftə əvvəl sülh müqaviləsinin 2031-ci ilə qədər və bir həftə sonra isə 2027 və 2028-ci illərdə imzalana biləcəyini bəyan etdilər”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Kamal Cəfərov deyib.

“Bu faktın özü bir daha təsdiq edir ki, Ermənistan rəhbərliyi praktiki sülhün əhəmiyyətini ciddi dərk etmir. Sülh ciddi məsələdir, hansısa siyasi kampaniya aləti deyil. Görünür, İrəvan regional sülhü öz daxili siyasi təqviminin girovuna çevirməklə vaxt uzatmağa çalışır.

Ona görə Prezident İlham Əliyevin dediyi kimi, indiki Ermənistan rəhbərliyindən sülh göyərçini düzəltmək istəyənlər bir daha görsünlər ki, əsl sülh istəyən tərəf belə ziddiyyətli açıqlamalar verməz. Sülhü ölkə gündəliyinin ən sonuncu təqvim prioriteti elan etməz. Sülhü hakimiyyətdə qalmaq üçün siyasi alətə çevirməz”, – deyə o qeyd edib.

Millət vəkili bildirib ki, İrəvanda hələ də illuziyalarla yaşayanlar var:

“Onlar düşünürlər ki, müxtəlif bəhanələrlə vaxt uzatmaqla həm daxili auditoriyanı aldatmaq olar, həm də xarici havadarlarının köməyi ilə hansısa güzəştlərə nail ola bilərlər. Biz heç vaxt heç kimə güzəşt etmirik, Ermənistan rəhbərliyi də, xalqı da əmin olsun ki, sülh ən çox onlara lazımdır. Biz isə gec-tez istədiyimizə nail olacağıq və heç kim də bizim iradəmizə təsir edə bilməz”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: