ffffff

“Şəki yaylası”nda dostu ilə birlikdə həlak olan Ucal Bayramovun atası Asif Bayramov yeni məqalə yazıb. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) hadisə ilə bağlı bəyanatından narazıdır. Hesab edir ki, bu cür obyektlərə FHN tərəfindən nəzarətin olmaması ciddi qanun boşluğudur və insanların həyatı üçün təhlükə yaradır.

Ziplayn olan obyektlərə nəzarət niyə FHN-nin nəzarətinə verilmir? Qanunda dəyişiklik ola bilərmi?

Globalinfo.az-a danışan Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib ki, prinsipcə, bu, mümkündür və texniki baxımdan uyğundur:

aydin mirzezade 11

Aydın Mirzəzadə

“Burada təhlükəsizlik məsələləri də nəzərə alınmalıdır. Əgər bu tip attraksionlara və qaldırıcı qurğulara nəzarət FHN-nin səlahiyyətindədirsə, ziplaynlara nəzarət də həmin quruma həvalə edilə bilər. Belə bir addımın atılması mümkündür, çünki burada insan təhlükəsizliyi məsələsi var. FHN-nin fövqəladə hallara hazırlıq imkanları genişdir və bu sahədə məsələlərə ciddi nəzarət edilir. Gələcəkdə ziplaynlarla bağlı məsələyə də baxıla bilər”.

Hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, bu məsələdə əsas meyar qurğunun texniki xüsusiyyətləri, mexanikləşdirilmiş olub-olmaması və qanunvericiliklə təhlükə potensiallı obyekt kimi təsnif edilib-edilməməsidir:

“Əsas nəzarət qurumu FHN-dir. Lakin bütün əyləncə qurğularına, o cümlədən mühərriksiz hərəkət edən qurğulara avtomatik olaraq eyni nəzarət rejimi tətbiq edilmir. Nəzarəti FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həyata keçirir. Buraya, müvafiq təsnifata uyğun olaraq, elektrik mühərriki və ya mexaniki ötürücü ilə işləyən attraksionlar daxildir. Agentliyin 18 mart 2026-cı il tarixli açıqlamasına əsasən, mexanikləşdirilmiş attraksionlar istismara buraxılmazdan əvvəl texniki pasportla ekspertizadan keçirilməli və qeydiyyata alınmalı, texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməli, istismar, eləcə də təmirə cavabdeh şəxslərlə təmin olunmalı, texniki baxış və təhlükəsizlik yoxlamalarından keçirilməlidir. Təhlükəli pozuntular aşkarlandıqda attraksionun istismarı dayandırıla bilər”.

elovset

Əlövsət Allahverdiyev

Hüquqşünas qeyd edib ki, FHN-nin konkret ziplayn qurğusuna nəzarət səlahiyyətinin olmadığını bildirməsi həmin obyektin təhlükəsizliyə dair heç bir öhdəlik daşımaması demək deyil:

“Lakin araşdırdığım mənbələr əsasında mühərriksiz ziplayn qurğularının bütün istismar dövrü üzrə dövlət texniki nəzarətini həyata keçirən başqa konkret qurumu qəti şəkildə müəyyən etmək mümkünsüzdür. Nəticə etibarilə, mexanikləşdirilmiş attraksionlar və müvafiq qaldırıcı qurğular üzrə əsas nəzarət orqanı FHN-dir. Mühərriksiz ziplayn qurğuları isə avtomatik olaraq həmin nəzarət rejiminə daxil edilmir, konkret qurğunun hüquqi təsnifatı və digər mümkün nəzarət mexanizmləri ayrıca müəyyənləşdirilməlidir. Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilən Təhlükə potensiallı obyektlərin Siyahısının 3-cü bəndində stasionar və səyyar yükqaldıran mexanizmlər, kanat yolları, mexanikləşdirilmiş attraksionlar, funikulyorlar və liftlər göstərilir.

FHN-in 9 sentyabr 2026-cı il tarixli açıqlamasına əsasən, mühərriksiz və sərbəst hərəkət edən konkret ziplayn qurğusu təhlükə potensiallı obyekt hesab edilmir. Nazirlik bildirib ki, həmin qurğu təhlükə potensiallı obyektlərin siyahısına daxil deyil və Agentliyin nəzarət səlahiyyətinə aid deyil. Amma burada texniki təhlükə və hüquqi təsnifatı fərqləndirmək lazımdır. Ziplayn insan həyatı üçün ciddi risk yarada bilər. Qurğunun təhlükəli olması onun avtomatik olaraq qanunvericilikdəki “təhlükə potensiallı obyekt” kateqoriyasına daxil olması demək deyil”.

Ləman İmran
Globalinfo.az

Paylaş: