WhatsApp Image 2026 10 02 at 15.30.44
(Köhnə reflekslərdən çıxmaq zamanıydı…)

 “Dünya düzəlmir ki, düzəlmir, baba…” – ustad Məmməd Arazın yaddaşımıza hopmuş bu misrası bu dəfə, qərib də olsa, Tehrandakı bir görüşün görüntülərini seyr edərkən yada düşür:

 Tehran düzəlmir ki, düzəlmir, baba…

– Əlbəttə, Tehran dünya deyil. Hətta bəzən onun siyasi davranışlarında dünyadan – çağdaş diplomatik ünsiyyət mədəniyyətindən, yeni bölgəsəl gerçəkliklərdən qopuş əlamətləri görünür. Burada Məmməd Arazın misrasına müraciətimiz siyasi hökmdən ötə, poetik ricət – bir görüntünün doğurduğu assosiasiyadır.

 Söhbət 29 sentyabr 2026-cı ildə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rzai ilə görüşündən gedir. Görüşün baş tutduğu və tərəflərin ikitərəfli gündəliyi müzakirə etdiyi həm Azərbaycan tərəfinin məlumatında, həm də İran mediasında öz təsdiqini tapıb.

 Bəs özündə, dilində, yerində olmayan nədir?

 Görüntülərdə diqqəti çəkən diplomatik sənədlərdə yazılmayan dildir – bədən dili.

 Qonaq qarşılanarkən ev yiyəsinin ona doğru addımlaması, əl sıxmanın təbii və qarşılıqlı olması, baxış və davranışda sayğının qorunması beynəlxalq münasibətlərin hüquqi norması olmaya bilər; ancaq diplomatiyanın yalnız hüquqdan ibarət olmadığı da bəllidir. Diplomatiyanın protokolu olduğu kimi, ədəb-ərkanı da var axı – illa var! Dövlətlər yalnız nota ilə danışmır; bəzən bir addım, bir baxış, bir əl sıxma bütöv bir mənzərə yaradır, məna daşıyır.

 Bax, buna görə həmin görüntünün Azərbaycanda hiddət doğurmasını anlamaq çətin deyil. Bununla belə, bir şəxsin niyyətini yalnız əl sıxmanın formasından qəti müəyyənləşdirmək mümkün olmaya bilər. Gəlin məsələni “Möhsün Rzai nə düşünürdü?” sualından irəli ötürərək, daha əsas suala yönəldək:

 “Qorxulu” Tehran Qalib Bakıya (və bəlkə həm də Dumanlı Təbrizə) hansı siyasi dili göstərmək istəyir?

 Bu sual özəlliklə ona görə önəmlidir ki, Azərbaycan nümayəndə heyəti Tehrana nəinki qarşıdurma yaratmağa getmiş, tam tərsinə, əməkdaşlığı davam etdirməyə getmişdi. Rəsmi məlumatda dövlət başçıları səviyyəsində formalaşmış münasibətlərin ikitərəfli əlaqələrə müsbət təsiri vurğulanıb; enerji, yükdaşıma və digər birgə layihələr müzakirə olunub.

 Üstəlik, Tehran qaynağının özünün verdiyi məlumata görə, Şahin Mustafayev İranı Azərbaycan üçün “dost və qardaş ölkə” adlandırıb, Azərbaycan ərazisinin İrana qarşı istifadə olunmasına dair iddiaları rədd edib və Tehranı Azərbaycan–Ermənistan normallaşmasına töhfə verməyə çağırıb.

 Deməli, Bakı masaya tamamən əməkdaşlıq dili ilə gəlir; elə isə həmin masanın o biri başında jestlərin də bu dilə uyğun olması münasibətlərə yalnız fayda verməzdimi?

 Azərbaycan dəyişib – bunu görməmək olmaz; olsa da, korluq olar.

 Bakı–Tehran münasibətlərində əsas məsələ bir əl sıxma ilə bağlana bilməz, əlbət. Əlbəttə, əsas məsələ yeni Azərbaycan gerçəkliyinin doğru oxunmasıdır.

 Bugünkü Azərbaycanı onilliklər öncəsinin Azərbaycanı kimi görənlər qəflətdədir. 2020-ci ildən sonra Güney Qafqazın siyasi və təhlükəsizlik arxitekturu dəyişib. Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi bölgədə yeni gerçəklik yaradıb. Tehranın Bakı ilə münasibətlərində də bu gerçəkliyin nəzərə alınması münasibətlərin sabitliyi baxımından önəmli şərtdir və hazırda Tehrana çox daha vacibdir.

 Üstəlik, axı Bakı Tehrandan özünə imtiyaz istəmir. Azərbaycanın gözləntisi çox sadədir: güvən, suverenliyə sayğı və bərabərhüquqlu davranış.

 Dövlətçilik mədəniyyəti böyüksə, qonşunun böyüməsindən rahatsız olmamalı, qonşunun gücünü düzgün oxumağı bacarmalısan.

 Rəsmi Tehran tez-tez ortaq tarixdən, mədəniyyətdən, dindən və qonşuluqdan danışır. Elə isə həmin anlayışların ən sadə ifadəsi qonağa sayğıda ifadə olunmalıydı. Gündoğar mədəniyyətində qonağa doğru bir addım atmaq geri çəkilmək olmadığı kimi, öz mədəniyyətinə doğru bir addım atmaq şəklində də qəbul görür.

 Və bəzən protokoldakı bir addım siyasətdə yüz addımın qabağını ala bilir. – Hələ-hələ Tehranın özünün çox ehtiyacı olan qonşuluq zəminində…

Tehran hazırda son dərəcə mürəkkəb iqtisadi və təhlükəsizlik ortamındadır. İsrail, ABŞ–İran qarşıdurmasının yaratdığı hərbi-siyasi gərginlik səngiməyib, ölkə iqtisadiyyatı da sanksiyaların və son dönəmin ağır təzyiqləri altındadır.

 Bax, belə bir zamanda sabit, müstəqil və praqmatik Azərbaycanla münasibətlər Tehran üçün qətiyyən önəmsiz ola bilməz.

Möhsün Rzai özü həmin görüşdə xarici qüvvələrin tarix boyu bölgəyə gəlib-getdiyini, bölgə dövlətlərinin isə qaldığını deyib və Tehranın Qafqazda sülhə yardım etməyə hazır olduğunu bildirməyibmi məgər? –

Bildiribsə, bu fikrin öz məntiqini axıra qədər aparsaq, sonuc çox sadədir: qalıcı olan qonşulardırsa, qalıcı siyasət də qonşuya sayğı üzərində qurulmalıdır.

 Azərbaycanla münasibətdə köhnə reflekslərdən çıxmaq ilk növbədə onların öz çıxarına uyğundur.

WhatsApp Image 2026 10 02 at 15.30.45 1

Çün Bakı ilə Tehran arasında enerji var, yükdaşıma var, Quzey–Güney və Gündoğar–Günbatar bağlantıları var, Araz boyunca həyata keçirilən layihələr var. Rəsmi görüşlərdə də məhz iqtisadi əməkdaşlıq, enerji və birgə layihələrin davam etdirilməsi gündəmdə olub.

Belə böyük gündəmin qarşısına kiçik jestlərin kölgəsi düşməməlidir.

Yaxşı, bəs əl sıxmaq – əslində nəyi sıxmaqdır?

Necə deyərlər, diplomatiyada əl sadəcə əl olmaqdan çıxır.

Əl uzadanda dövlət dövlətə uzanır…

Əl sıxanda iki siyasi iradə təmas edir.

Ona görə də diplomatiyada bəzən barmaqların ucuyla verilən əl yazılmış açıqlamalardan daha çox dartışma doğurur.

Azərbaycanın dövlət ləyaqəti isə kiminsə əlini necə sıxmasından asılı qalmayıb. Dövlətin çəkisini qarşı tərəfin jesti yaratmır. Onu dövlətin gücü, suverenliyi, iqtisadiyyatı, diplomatiyası, ordusu və beynəlxalq münasibətlər sistemi müəyyənləşdirir.

Elə buna görə Bakı belə jestlərə emosional yanaşmamağı (yanaşmamaqla!) haqq edir və olaya siyasi yaddaşla baxa bilir. – Nə şişirdirik, nə də unuduruq!..

Nə qonşuluğu qurban vermək, nə də qonşuluq adına ləyaqətdən güzəştə getmək kitabımızda yazılmayıb!

Bakı–Tehran münasibətlərinin sağlam formulu da bəlkə bax, elə budur: mehriban qonşuluq, qarşılıqlı fayda, ortaq tarix və mədəniyyət – hamısı bəli; amma bütün bunların təməlində illa da bərabərhüquqluluq və qarşılıqlı sayğı olacaq!

Tehran bunu nə qədər tez və bütöv (!) dərk etsə, iki ölkə də bir o qədər qazanacaq.

Yoxsa hər dəfə yeni səhifə açıldığını düşündüyümüz anda köhnə dəftərin arasından hansısa köhnə davranış boylanacaqsa… günahı bizdə deyil.

Adamın yadına yenə ustad sözü düşür. – Budur, biz bircə sözü dəyişmişik: Tehran düzəlmir ki, düzəlmir, baba…

Diplomatiyanın anlamı öz ləyaqətindən heç nə itirmədən düzəlməyəni düzəltməyə çalışmaqdır. – Bunu unutmasaq belə, qarşı tərəfin içindən çıxa bilmədiyi qorxuları da unutmuruq…

Onsuz da, Şahin müəllim öz duruşunu, adına uyğun baxışını pozmadı bə əsl paşalığın kimdə olduğunu göstərdi.

Onlar da özləri bilər; biz bildiyimizi bilir, “BİLƏNLƏRƏ SALAM OLSUN!” deyirik; zatən “BİLMƏYƏN NƏ BİLSİN BİZİ?”

Bu da ustad sözüdür və yalnız sevgi üçün yox, elə siyasi görüşlər üçün də keçərli sayıla bilər:

“Yaşasan ən şirin arzuyla kamla,

Sevincin sel olar, dərdinsə damla.

Ürəkdən verilən xoş bir salamla

Əli əl isidər, qanı qan çəkər.”

(Z.Yaqub)

Kimin qanının haraya, nəyə çəkdiyi bəlli…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Paylaş: