Rusiyadan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə nağd pul çıxarılmasına yeni məhdudiyyət tətbiq edilib. Sənədə əsasən, fiziki şəxslərə Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat) artıq nağd Rusiya valyutası aparmaq qadağan edilir. Məhdudiyyət hüquqi şəxslərə və fərdi sahibkarlara da şamil olunur.
Bu qadağa Azərbaycana və Rusiyadan ölkəmizə pul gətirən vətəndaşlara necə təsir edəcək?
Globalinfo.az-a danışan Crypto Consulting MMC-nin direktoru, UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev deyib ki, söhbət fiziki şəkildə nağd Rusiya rublunun ölkədən çıxarılmasından gedir:
“Bu, Rusiyadan ölkəyə nağd şəkildə pul gətirən şəxslərə təsir edəcək. Xüsusilə Rusiyada yaşayan və işləyən, gəlirlərinin bir hissəsini nağd rubl formasında Azərbaycana gətirən şəxslər bundan sonra daha böyük məbləğləri əvvəlki kimi sərbəst şəkildə gətirə bilməyəcəklər”.
İqtisadçının fikrincə, əsas dəyişiklik pulun fiziki hərəkətindən bank kanalına keçidin sürətlənməsi ola bilər:
“Yəni əvvəllər Rusiyada əldə edilmiş vəsaitin bir hissəsini nağd şəkildə Azərbaycana gətirən şəxslər alternativ olaraq bank hesablarından istifadə etməyə, pul köçürmələrini formal maliyyə kanalları ilə həyata keçirməyə daha çox üstünlük verə bilərlər. Bu baxımdan qərarın məqsədlərindən biri də nağd rublun Rusiyadan çıxışına nəzarəti və pulun mənşəyinin izlənəbilənliyini artırmaqdır”.
E.Quliyevin sözlərinə görə, bu qərarı Azərbaycana pul köçürmələrinin tam məhdudlaşdırılması kimi qiymətləndirmək düzgün olmaz:
“Məhdudiyyət əsasən nağd rublun fiziki olaraq Rusiyadan çıxarılmasına aiddir. Burada bir istisna da var. Müəyyən edilmiş beynəlxalq hava limanlarından nağd pul çıxarılması bank sənədləri ilə, yəni vəsaitin həmin şəxsin bank hesabından və ya depozitindən çıxarıldığını təsdiq edən sənədlər əsasında mümkün ola bilər. Bu səbəbdən 1 milyon rubldan artıq vəsait daşıyan şəxslər üçün vəsaitin mənşəyini təsdiq edən bank sənədlərinin əhəmiyyəti artır. Qərar pul köçürmələrinin formasına təsir göstərə bilər”.
Elnur Quliyev hesab edir ki, Rusiyadan Azərbaycana pul göndərən şəxslər üçün bank köçürmələri, kartdan-karta transferlər və digər rəsmi maliyyə kanalları daha əhəmiyyətli alternativə çevrilə bilər:
“Eyni zamanda, banklar tərəfindən vəsaitin mənbəyinin müəyyənləşdirilməsi, AML/KYC prosedurları və böyük məbləğli əməliyyatların monitorinqi daha vacib olacaq. Bu baxımdan qərarın təsirini iki istiqamətdə qiymətləndirmək olar: nağd rublun fiziki gətirilməsi çətinləşir, lakin Rusiyadan Azərbaycana pul göndərilməsi bütövlükdə dayandırılmır. Əsas dəyişiklik vəsaitin nağd formada deyil, daha çox bank və digər rəsmi maliyyə kanalları vasitəsilə hərəkət etməsinə stimul yarada bilər. Eyni zamanda, yeni qaydanın tətbiqində istisnaların və praktiki prosedurların necə işləyəcəyi də mühüm olacaq. Rusiya hökuməti və Mərkəzi Bankın 3 ay ərzində ölkədən çıxarılan nağd rublun uçotu qaydasını müəyyən etməsi nəzərdə tutulub”.
Zaira Akifqızı
Globalinfo.az