
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin illər öncə Ulu öndər Heydər Əliyev və Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəy haqqında səsləndirdiyi fikirlər yenidən gündəmə gəlib.
Globalinfo.az xəbər verir ki, Şevardnadze sözügedən məsələ haqda Vahid Mustafayevə müsahibəsində danışıb.
O, tərəflər arasında yaşanan mübahisəni detalları ilə bölüşüb:
“Bir dəfə Daşkəndə uçurdum, yolüstü Bakıda dayandım. Hava limanında mənim də iştirakımla Elçibəylə Heydər Əliyev arasında mübahisə baş verdi. Elçibəy dərhal Ermənistanla müharibəyə başlamağı təklif etdi. Heydər Əliyev isə təcrübəli bir insan kimi ondan soruşdu: “Sənin ordun varmı?” Elçibəy dedi ki, “olacaq”. Heydər Əliyev yenə soruşdu: “Bəs silahın, texnikan var?”
O izah edirdi ki, müharibə təlim deyil, çox ciddi məsələdir. Xüsusilə də söhbət iki xalq arasında müharibədən gedirsə, bunun nəticələrini əvvəlcədən düşünmək lazımdır. Mən uzun müddət həmin mübahisənin təsirində qaldım. Yaxşı ki, Elçibəyin istədiyi baş tutmadı”, – Şevardnadze qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az