esas123

Xəbər verdiyimiz kimi, ana doğuşdan sonra yuxarı ətrafları (qolları) olmayan körpəsindən rəsmi şəkildə imtina edib. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub. Qurumdan bildirilib ki, uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək.

Qanunla ananın öz övladından imtina etmək haqqı varmı? Buna görə valideyni hansısa hüquqi məsuliyyət gözləyir? Tibbdə uşağın qolları olmadan doğulmasına təsir edən səbəblər məlumdurmu?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, doğulan uşaqların müəyyən hissəsində skelet anomaliyaları, müxtəlif genetik xəstəliklər, talassemiya daşıyıcılığı və xəstəliyi, Daun sindromu, autizm və digər inkişaf pozuntuları müşahidə olunur:

“Qolların olmaması isə ciddi inkişaf qüsurudur. Bu hal ana bətnində keçirilən bəzi ağır infeksiyalar, virus xəstəlikləri, alkoqol istifadəsi və digər toksiki amillərlə əlaqəlidir. Dölün inkişafı zamanı müxtəlif mənfi təsirlərə məruz qalması belə qüsurların yaranmasına səbəb olur. Lakin konkret səbəbi müəyyən etmək üçün tibbi araşdırma aparılmalıdır”.

Adil Qeybulla 900x564 1

Adil Qeybulla

Professor qeyd edib ki, anadangəlmə qüsurların vaxtında müəyyən edilməsi üçün hamiləlik dövründə ultrasəs müayinələrinin aparılması vacibdir:

“Bu müayinələr bəzi inkişaf qüsurlarını vaxtında aşkar etməyə və zəruri tədbirlərin görülməsinə imkan verir. Təəssüf ki, insanlar çox vaxt həkimə gec müraciət edir və hamiləlik dövrünü tibbi nəzarət altında keçirmirlər. Hamiləlik zamanı həkim məsləhəti olmadan müxtəlif dərmanların qəbulu, toksiki maddələrə məruz qalma və digər amillər də risk yarada bilər. Bu səbəbdən konkret hadisə ilə bağlı araşdırma aparılmalıdır. Hamiləlik dövründə belə bir qüsurun yaranmasına hansı amilin səbəb olduğunu yalnız tibbi müayinələr və araşdırmalar nəticəsində dəqiq müəyyən etmək mümkündür”.

Hüquqşünas Ramil Süleymanov bildirib ki, valideynlər övlad dünyaya gətirdikdən sonra gələcəkdə onun qayğısına qalmaqla bağlı əlavə çətinliklərin yaranıb-yaranmayacağını əvvəlcədən qiymətləndirməlidirlər:

“Əgər uşaq artıq dünyaya gəlibsə, həmin xanım birinci qrup əlil kimi dövlətdən pensiya ala, eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək uşağının daha keyfiyyətli qayğı ilə təmin olunması üçün əlavə sosial dəstək göstərilməsini xahiş edə bilərdi. Qanunvericilikdə valideynin uşaqdan imtina etməsi ayrıca prosedur kimi nəzərdə tutulmayıb. Əksinə, valideynin öz vəzifələrini lazımi qaydada yerinə yetirməməsi halında valideynlik hüquqlarından məhrumetmə və ya həmin hüquqların məhdudlaşdırılması prosedurları var”.

ramil suleymanov 900x600 2

Ramil Süleymanov

Hüquqşünas əlavə edib ki, valideyn uşağın dövlət himayəsinə verilməsi ilə bağlı məsələni qanunvericiliklə müəyyən edilmiş qaydada, könüllü şəkildə həyata keçiribsə, bu halda o, hüquqi məsuliyyətə cəlb olunmur:

“Lakin valideyn uşağı köməksiz vəziyyətdə qoyub gedərsə, onu təhlükə qarşısında buraxarsa və bununla bağlı heç bir tədbir görməzsə, bu, hüquq pozuntusu hesab olunur. Belə hallarda törədilmiş əməlin nəticəsindən asılı olaraq qanunvericiliklə hətta cinayət məsuliyyəti də nəzərdə tutula bilər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: