Sosial şəbəkədə qeyri-etik hərəkətlərə yol verən daha bir şəxs məsuliyyətə cəlb olunub.
Globalinfo.az bildirir ki, Lent.az-ın məlumatına görə, 43 yaşlı Müzəffər Fərhadov (şərti adla) restoranda olarkən tiktok sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Canlı yayım zamanı nalayiq ifadələr işlədilib və o, bununla da ictimai mənəviyyatı təhqir edən hərəkətlərə yol verib.
Faktla bağlı Müzəffər Fərhadov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
M. Fərhadov ifadəsində canlı yayım zamanı nalayiq ifadənin restoranın digər müştərisi tərəfindən işlədildiyini deyib.
Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində inzibati qaydada cərimələnib.