Çin, İran və Rusiya Atom Enerjisi Agentliyinin (AEBA) İdarə Heyətində Qərbin Tehrana nüvə proqramı ilə bağlı təzyiqi artırmaq səylərini rədd edən birgə bəyanat yayıblar.
Onlar E3 “snapback” cəhdlərini və İranın BMT Təhlükəsizlik Şurasına hər hansı bir müraciətini rədd edib və AEBA üzvlərini ABŞ, Böyük Britaniya, Fransa və Almaniya tərəfindən təklif olunan yeni qətnaməni dəstəkləməməyə çağırıblar.
Bəyanatda ABŞ-ın İranın nüvə obyektlərinə hücumları və təhdidləri qətiyyətlə pislənilir və davamlı hücumların AEBA-nın təminatlarının normal həyata keçirilməsini “qeyri-mümkün” etdiyi iddia olunur.
Qeyd edilib ki, İran agentliklə əməkdaşlığı davam etdirir, o cümlədən sentyabrın ortalarında AEBA-nın Buşehr nüvə elektrik stansiyasına girişinə razılıq verir.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu bəyanat Çin, Rusiya və İranın Tehranın nüvə proqramı məsələsində Qərbin təzyiq siyasətinə qarşı koordinasiyasının gücləndiyini göstərir:
“Üç ölkə faktiki olaraq Tehranın diplomatik müdafiə xəttini formalaşdırmağa çalışır. E3 ölkələrinin “snapback” mexanizmini işə salmaq cəhdinin rədd edilməsi xüsusilə əhəmiyyətlidir. Çünki bu mexanizm İrana qarşı əvvəlki BMT sanksiyalarının bərpasına yol aça bilər. Çin və Rusiyanın AEBA-da Tehranın mövqeyini dəstəkləməsi Qərbin yeni qətnamə qəbul etdirmək imkanlarını məhdudlaşdırır. Daha mühüm məqam isə məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılması halında Moskva və Pekinin veto imkanının gündəmə gəlməsidir. Beləliklə, Qərbin İrana qarşı siyasi-diplomatik təzyiqinin qarşısında ciddi bloklaşma yaranır. ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri isə Pekin və Moskvanın mövqeyini daha da sərtləşdirən amilə çevrilib.

Kənan Novruzov
Üç ölkənin AEBA ilə əməkdaşlığın davamını hücumlara qarşı təhlükəsizlik zəmanəti ilə əlaqələndirməsi yeni şərt formalaşdırır. Bu, nüvə məsələsinin yalnız texniki yox, həm də təhlükəsizlik və geosiyasi qarşıdurma müstəvisinə keçdiyini göstərir. Nəticədə İranın beynəlxalq təcrid edilməsi cəhdləri əvvəlki qədər effektiv görünmür. Qarşıdakı mərhələdə əsas mübarizə AEBA daxilində səsvermə ilə yanaşı, BMT TŞ-da Qərb və Çin-Rusiya bloku arasında diplomatik qarşıdurma olacaq”.
Turan Rzayev
Globalinfo.az