kapak 130731

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib ki, telefon danışığı düz 1 saat davam edib, konstruktiv və açıq xarakter daşıyıb.

Bəs bu danışığın detalları nədir? Trampın elçilərinin ardından Putinlə danışması nədən xəbər verir? İki liderin bu məsləhətləşməsi Ukrayna cəbhəsində nə kimi dəyişiklik edə bilər?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, danışığın əsas mövzusu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə səfərlərinin nəticələri olub:

“Hər iki lider bu missiyanı müsbət qiymətləndirib. Tramp müharibənin mümkün qədər tez başa çatdırılmasını, bunun ardınca ABŞ–Rusiya münasibətlərinin, xüsusilə ticarət və iqtisadi əlaqələrin geniş şəkildə bərpasını istədiyini bildirib. Putin isə cəbhədəki vəziyyət barədə öz qiymətləndirməsini təqdim edib, Vaşinqtonun nələr edə biləcəyinə dair təkliflərini çatdırıb və Rusiyanın Avropaya hücum planının olmadığını deyib. Tərəflər əsir mübadilələrinin davam etdirilməsi və birbaşa təmasların saxlanılması barədə razılaşıblar. Lakin ərazi məsələsi, təhlükəsizlik təminatları və mümkün üçtərəfli danışıqlar barədə konkret razılaşma açıqlanmayıb. Buna görə telefon danışığı hələ sülh sazişi deyil, elçilərin topladığı mövqelərin liderlər səviyyəsində yoxlanıldığı növbəti diplomatik mərhələdir.

zuriye qarayeva 900x600 1
Züriyə Qarayeva 

Trampın elçilərindən dərhal sonra Putinlə danışması prosesin texniki məsləhətləşmələrdən siyasi qərar mərhələsinə keçirilməsinə cəhd kimi qiymətləndirilə bilər. Yaxın perspektivdə bu, əsir mübadiləsi, müəyyən obyektlərə zərbələrin məhdudlaşdırılması və Rusiya–Ukrayna–ABŞ formatının bərpası kimi nəticələr verə bilər; ancaq Moskva ilə Kiyev arasında ərazi və təhlükəsizlik məsələlərində böyük fərq qaldığından cəbhədə dərhal köklü dönüş gözləmək tezdir. Daha geniş miqyasda isə Tramp Ukrayna müharibəsinin dayandırılmasını Rusiya ilə münasibətlərin yenidən qurulması üçün başlanğıc nöqtəsinə çevirmək istəyir. Bu yanaşma nəticə verərsə, ABŞ–Rusiya dialoqunun bərpası sanksiyalar, enerji bazarı, NATO-nun gələcəyi və silahlara nəzarət məsələlərinə də təsir göstərə bilər. Lakin proses Ukraynanın və Avropanın iştirakı olmadan iki böyük dövlətin sövdələşməsi təsiri bağışlayarsa, bu, beynəlxalq münasibətlərdə çoxtərəfli qaydalardan böyük güclərin maraq bölgüsünə əsaslanan daha sərt dünya düzəninə keçidi sürətləndirər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: