
Türkiyəli aktyor Serhat Mustafa Kılıçın vəfat etməzdən əvvəlki son anlarına aid təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb. Görüntülərdə sonuncu dəfə sentyabrın 1-də çölə çıxan və sonra evinə qayıdan Kılıçın olduqca yorğun olduğu görünür. Binaya daxil olduqdan sonra bir müddət divara söykənərək lift gözləyən aktyor liftin gəlməməsi səbəbilə çətinliklə pilləkənlərə tərəf gedib və mənzilinə çıxıb.
Globalinfo.az milli.az-a istinadən xəbər verir ki, İstanbulun Kağıthane rayonunda təxminən 2 gündür xəbər çıxmayan məşhur aktyor Serhat Mustafa Kılıç evində kresloda oturduğu yerdə hərəkətsiz halda ölü tapılıb. Hadisə yerinə gələn qrupların ilk araşdırmasında Kılıçın göz ətrafında, eləcə də qol və ayaqlarında göyərmə aşkarlanıb, evində narkotik maddə tapılıb.
Təxminən iki gün ərzində Kılıçla əlaqə saxlaya bilməyən yaxınlarının xəbər verməsindən sonra aktyorun evinə gediblər. Aparılan yoxlama zamanı Kılıçın kresloda hərəkətsiz vəziyyətdə olduğu müəyyən edilib.
Kılıçın göz ətrafı ilə qol və ayaqlarında göyərmələr olduğu təsbit edilib.
Lakin aparılan ətraflı yoxlamada aktyorun bədənində kəsici alət yarasına, kəsiyə və ya açıq döyülmə izinə rast gəlinməyib.
Serhat Mustafa Kılıçın ölüm səbəbi hələ ki, dəqiqləşməyib. Aktyorun ölümünə dair təfərrüatlar hərtərəfli autopsiya və Məhkəmə Tibbi Ekspertiza araşdırmalarından sonra üzə çıxacaq.
1975-ci il təvəllüdlü Serhat Mustafa Kılıç “Seksenlər”, “Söz” və “Ezel” kimi saysız-hesabsız serial və bədii filmdə rol alıb.