Polşa hərbçilərinin və mülki şəxslərin səfərbərlik vərəqələri almağa başladıqlarına dair məlumat yayılıb. Bildirilib ki, ordu əvvəlcədən insanları konkret tapşırıqlara, mövqelərə təyin etmək üçün səfərbərlik vərəqələri göndərir. Bu yolla gələcək böhran vəziyyətində hər şeyi sıfırdan təşkil etməyə ehtiyac qalmayacaq.
Vərəqələr ehtiyatda olan hərbçilər, eləcə də həkimlər, İT və logistika mütəxəssisləri kimi əsas hərbi sektorlardakı müəyyən şəxslər üçün nəzərdə tutulub. Həmçinin qeyd olunur ki, vərəqlər enerji, nəqliyyat, rabitə və ya inzibati xidmətlərdə çalışan mülki şəxslərə də göndərilə bilər.
Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Avropanın müharibənin astanasında olduğu, həmçinin gec-tez münqişəyə cəlb ediləcəyinə dair məlumatlar var:
“Polşa Rusiya ilə həmsərhəd ölkələrdən biridir. Bu ölkənin Ukrayna müharibəsi ilə bağlı mövqeyi aydındır. Moskva-Kiyev münasibətlərinin daha da kəskinləşməsi fonunda ehtimal etmək olar ki, rəsmi Varşava həm hərbçiləri,– həm də vətəndaşları müəyyən böhran vəziyyətinə hazırlamaq istəyir.
Bunun üçün qeyd olunan vərəqlərin paylanması bir əlamət ola bilər. Lakin bu o demək deyil ki, Polşa müharibəyə hazırlaşır və ya hansısa tərəfdən müharibəyə qoşulacaq. Məncə, belə bir hal istisnadır. Yəni Polşa belə təşəbbüs ilə çıxış etməyəcək. Çünki bunun fəsadları Varşava üçün çox ağır ola bilər.

Füzuli Qurbanov
Polşa sadəcə tədbir görür. Yəni özündən asılı olmayacaq səbəblərdən ortaya çıxa biləcək hərbi böhran zamanı uğur qazanmaq üçün ordu və vətəndaşlarını səfərbər edir.
ABŞ Prezidenti Donad Tramp son zamanlar kifayət qədər riskli addımlar atır, sərt bəyanatlar verir, bəzən isə konkret müharibə ilə təhdid edir. Polşa rəhbərliyi bunları görür və tədbir alır. Digər tərəfdən, Rusiyanın mövqeyi artıq bir çox ölkəyə, o cümlədən Polşa və Baltik ölkələrinə də məlumdur. Ancaq burada bir məsələ nəzərə alınmalıdır. Təhlükənin ABŞ və ya Rusiya tərəfdən gəlməsi inandırıcı deyil. Onların ikisi də Rusiyanın Ukrayna ilə barışmasında, sabitliyin yaranmasında maraqlıdırlar. Hazırda əsas hədəf Çin olduğu üçün Avropada ekstrimal vəziyyətin yaranmasını istəmirlər.
Polşanın imkanları hazırda məhduddur. Yəni bu ölkə tək başına müharibə aparacaq vəziyyətdə deyil. Varşava Avropa İttifaqı və NATO üzvüdür. Yəni bu səfərbərlik məsələsi sadəcə baş verə biləcək hallara hazırlıqdır”.
Turan Rzayev
Globalinfo.az