IMG 1057

Bakı metrosunda siqnalizasiya sistemi tam yenilənir. Belə ki, 302 milyon dollarlıq layihə çərçivəsində daha müasir idarəetmə texnologiyalarının tətbiqi, qatarlararası intervalların azaldılması və təhlükəsizliyin artırılması planlaşdırılır.

Bu qədər vəsait tələb olunan layihə hansı keyfiyyəti vəd edir?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, bu layihə Bakı Metropoliteninin inkişafında yeni mərhələnin əsasını qoyur:

“Əgər 1970-ci illərdə mövcud infrastruktur öz dövrü üçün müasir həllərdən biri hesab olunurdusa, artıq 50 ildən çox vaxt keçib və onun yenilənməsinə ciddi ehtiyac yaranıb. Xüsusilə rabitə, işarəvermə və siqnalizasiya sistemlərinin müasirləşdirilməsi vacibdir. Bu, rəqəmsallaşma prosesini sürətləndirməklə yanaşı, qatarların hərəkətinə rəqəmsal həllər vasitəsilə daha effektiv nəzarət və idarəetməyə imkan verəcək. Eyni zamanda, mümkün nasazlıqların operativ aşkarlanması, onlara daha sürətli müdaxilə edilməsi və sistemin müxtəlif çağırışlara hazırlığının artırılması baxımından mühüm rol oynayacaq”.

WhatsApp Image 2025 08 30 at 14.57.18
Rauf Ağamirzəyev

Ekspert bildirib ki, layihə çərçivəsində uzun illər istismar olunan rels, rabitə, işarəvermə, siqnalizasiya sistemlərinin yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur:

“Bu baxımdan, layihəni Metropoliteninin təhlükəsizliyi və dayanıqlığının artırılması üçün mühüm addım hesab etmək olar. Şəhər nəqliyyat sisteminin əsas dayaqlarından biri relsli nəqliyyatdır və onun ən geniş istifadə olunan növlərindən biri metrodur. Metro qatarlarının daha qısa intervallarla hərəkət etməsi, sərnişin tələbatının qarşılanması və sistemin təhlükəsizliyinin təmin olunması üçün müasir infrastrukturun yaradılması zəruridir.

Şəhərin böyüməsi və sərnişin sayının artması mövcud infrastrukturun da mütəmadi yenilənməsini tələb edir. Köhnə sistemlərdən müasir texnologiyalara keçid rəqəmsal həllərin, yeni nəsil siqnalizasiya, rabitə və işarəvermə sistemlərinin tətbiqi ilə mümkündür. Bu texnologiyalar metroda təhlükəsizliyin, dayanıqlığın və operativ idarəetmənin gücləndirilməsinə xidmət edir. Digər tərəfdən, metro şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, mövcud infrastrukturun texniki imkanlarının da artırılması vacibdir. Burada yalnız infrastrukturun yenilənməsi yox, onun idarəetmə mexanizmlərinin də müasirləşdirilməsi önəmlidir. Buna görə rəqəmsal idarəetmə və nəzarət sistemlərinin tətbiqi metropolitenin inkişafında əsas istiqamətlərdən biri olmalıdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: