“26 avqust Azərbaycan tarixində yalnız təqvimdə qeyd olunan əlamətdar günlərdən biri kimi deyil, milli yaddaşımızın, dövlətçilik iradəmizin və ərazi bütövlüyümüzün bərpasının simvolik ifadəsi kimi xüsusi məna daşıyır”.
Bu sözləri Globalinfo.az-a əslən Laçın rayonundan olan deputat Rövşən Muradov Laçın şəhəri günü ilə bağlı danışarkən deyib.
O bildirib ki, Laçının tarixini yalnız onun işğalı və azad olunması ilə məhdudlaşdırmaq mümkün deyil:
“Laçın Azərbaycan dövlətçilik məkanının ayrılmaz hissəsi, Qarabağ və Şərqi Zəngəzur coğrafiyasının mühüm strateji həlqəsidir. 1923-cü ildə Abdallar yaşayış məntəqəsinin Laçın adlandırılaraq şəhər statusu alması, 1930-cu ildə rayonun inzibati ərazi vahidi kimi formalaşdırılması şəhərin Azərbaycanın inzibati və sosial məkanında möhkəm yerini göstərir.
1992-ci il mayın 18-də Laçının işğalı Azərbaycan üçün ağır tarixi sınaq yaratdı. İşğal nəticəsində əhalinin etnik təmizləməyə məruz qalması, yüzlərlə insanın həlak olması və itkin düşməsi, yüzlərlə sosial, mədəni və inzibati obyektin dağıdılması Laçın faciəsinin miqyasını göstərir”.
Rövşən Muradov
Deputat qeyd edib ki, Laçının azad edilməsi tarixi ədalətin bərpasında mühüm mərhələ oldu:
“2020-ci il 1 dekabr tarixində Laçın rayonunun Azərbaycana qaytarılması, 2022-ci il 26 avqustda isə Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi milli iradənin konkret nəticəsinə çevrildi. Bu tarix Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etmək əzminin real siyasi və hərbi nəticəsini ifadə edir. Laçında bu gün aparılan quruculuq prosesinin mahiyyəti də məhz burada üzə çıxır. Dövlət yalnız dağıdılmış şəhəri bərpa etmir, onun gələcək inkişaf modelini formalaşdırır.
Laçının 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Planın təsdiqi, yeni yaşayış məhəllələrinin, sosial obyektlərin, məktəblərin, səhiyyə, mədəniyyət və turizm infrastrukturlarının yaradılması şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulduğunu göstərir. Bu prosesin ən mühüm nəticələrindən biri isə Laçın sakinlərinin doğma yurda qayıdışıdır”.
Rövşən Muradovun fikrincə, Laçın Azərbaycan dövlətinin hərbi Zəfərini siyasi iradəyə, siyasi iradəsini quruculuğa, quruculuğunu isə dayanıqlı inkişafa çevirən dövlətçilik modelinin parlaq nümunəsidir:
“Laçın şəhəri günü mənim üçün həm də laçınlıların doğma torpağa qayıdışının, Azərbaycanın dövlətçilik tarixində yeni səhifənin və milli yaddaşın canlı şəhər mühitində yenidən bərqərar olmasının günüdür. Laçın bu gün keçmişin xatirəsini qoruyan şəhərdən gələcəyin Azərbaycanını formalaşdıran şəhərə çevrilir”.
Zaira Akifqızı
Globalinfo.az