Bir neçə gün əvvəl mediada azyaşlı uşaqları məscidə buraxdığı üçün bir din xadiminin cərimələnməsi ilə bağlı xəbər oxudum. Bu məsələnin hüquqi tərəfi var və onu müzakirə etmək fikrində deyiləm. Əgər qanun bunu tələb edirsə, deməli, hamı ona əməl etməlidir. Necə deyərlər, qanun qarşısında boynumuz qıldan incədir.
Amma həmin xəbəri oxuyandan sonra başqa bir məsələ haqqında düşündüm. Əgər məqsəd uşaqları qorumaqdırsa, niyə onları içkili məclislərdən, barlardan, publardan və spirtli içki təqdim olunan kafelərdən, restoranlardan da qorumayaq?
Heç kimə sirr deyil ki, bu gün 15-16 yaşlı yeniyetmələr publarda, kafelərdə, hətta gecə klublarında olurlar. Özləri də bunu sosial şəbəkələrdə paylaşırlar. Digər tərəfdən, elə ailələr var ki, uşaqlarını da özləri ilə belə məkanlara aparırlar. Uşaq atasının və ya başqa böyüklərin içki içdiyini görür. Bəzən nalayiq ifadələr eşidir, dava-dalaşın şahidi olur. Təəssüf ki, bəzi hallarda belə məkanlarda daha ağır hadisələr də baş verir.
Biz tez-tez deyirik ki, uşaq evin aynasıdır. O, böyüklərdən nə görürsə, onu da öyrənir. Elə buna görə də uşağın hansı mühitdə böyüməsi çox vacibdir. Kiçik yaşlarından gördüyü mənzərələr onun gələcək düşüncəsinə, davranışına, hətta vərdişlərinə təsir edir.
Mən bir vətəndaş olaraq çox istərdim ki, içki verilən restoranlara, kafelərə, publara və barlara azyaşlı uşaqlar buraxılmasın. Bu qaydanı pozan həm obyekt sahibi, həm də valideyn məsuliyyət daşısın və cərimələnsin.
Düşünürəm ki, bu məsələ yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılsa, yaxşı olar. Əgər məqsədimiz uşaqları qorumaqdırsa, onları yalnız bir sahədə deyil, zərər görə biləcəkləri bütün mühitlərdə qorumalıyıq. Məncə, bu həm uşaqların gələcəyi, həm də cəmiyyətimizin sağlam inkişafı baxımından vacib addım olardı.

Zaira Akifqızı
Globalinfo.az