Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və “Kitab Qrafikası və Miniatür” bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib.
Globalinfo.az xəbər verir ki, müraciətdə deyilir:
“Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə
Hörmətli həmyaşıdlar!
Sizə bildirmək istəyirəm ki, Azərbaycan Rəssamlar İttifaqının ali maraqlarını hər zaman nəzərə alaraq yüksək tutmuşam. 1985-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvü, həmçinin “Kitab Qrafikası və Miniatür” bölməsinin sədri kimi fəaliyyət göstərirəm.
Bu illər ərzində Azərbaycan təsviri sənətinin inkişafı, milli rəssamlıq ənənələrinin qorunması və yeni nəsil sənətkarların yetişməsi naminə bütün bilik və təcrübəmi səfərbər etməyə çalışmışam. Mənə göstərilən etimadı hər zaman böyük məsuliyyət hesab etmişəm.
Hazırda ömrümün 83-cü ilini yaşayıram. Yaşımı, sağlamlıq vəziyyətimi və qarşıda həyata keçirmək istədiyim yaradıcılıq planlarını nəzərə alaraq, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən, eləcə də Kitab Qrafikası və Miniatür Bölməsinin sədri vəzifəsinə xitam vermək qərarına gəlmişəm.
Azərbaycan Rəssamlar İttfaqının Rəyasət Heyyətinin hər bir üzvünə Azərbaycan təsviri sənətinin inkişafı naminə nümayiş etdirdiyi prinsipial və səmərəli fəaliyyətə görə təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.