Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib.
Globalinfo.az-a danışan deputat Rövşən Muradov deyib ki, Laçında Hoçaz çayı üzərində istifadəyə verilən “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyaları Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafına yönəlmiş dövlət strategiyasının növbəti praktik nəticəsidir:
“Bu gün Laçının 8-10 MVt-lıq elektrik tələbatı tam şəkildə bərpa olunan enerji hesabına ödənilir, istehsal olunan artıq enerji isə ölkənin vahid enerji sisteminə ötürülür. Bu göstərici Laçının enerji istehlak edən ərazidən strateji enerji istehsal mərkəzinə keçidini nümayiş etdirir. Eyni zamanda regionun iqtisadi dirçəlişinin möhkəm infrastruktur üzərində qurulduğunu təsdiqləyir.
2040-cı il üçün Laçının elektrik tələbatının 80 MVt-a çatacağı proqnozlaşdırılır. Planlaşdırılan hidroenerji layihələri bu tələbatın da yaşıl enerji hesabına qarşılanmasını təmin edəcək. Beləliklə, Laçın və bütövlükdə Şərqi Zəngəzur Azərbaycanın enerji sisteminin coğrafi baxımdan daha balanslı və dayanıqlı qurulmasına töhfə verəcək”.
Deputat bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi iqtisadi inkişafla yanaşı, milli təhlükəsizliyin də əsas dayaqlarından biri hesab olunur:
“Bu baxımdan regionda yaradılan yeni enerji infrastrukturu dövlətin enerji müstəqilliyini gücləndirən, daxili resurslardan daha səmərəli istifadəyə şərait yaradan və gələcək inkişafın strateji əsaslarını möhkəmləndirən mühüm investisiyadır. Üç su elektrik stansiyası birlikdə ildə 200 milyon kilovat-saatdan çox ekoloji təmiz elektrik enerjisi istehsal edəcək. Bunun nəticəsində hər il 45 milyon kubmetr təbii qaza qənaət olunacaq, atmosferə buraxılan karbon emissiyası təxminən 80 min ton azalacaq”.
Rövşən Muradov
R.Muradovun sözlərinə görə, qənaət edilən resurslar enerji ixracı imkanlarını genişləndirəcək, ölkənin valyuta gəlirlərinin artmasına və yaşıl iqtisadiyyat hədəflərinin reallaşmasına əlavə töhfə verəcək:
“Bu strateji inkişafın mühüm tamamlayıcısı “Həkəriçay” su anbarıdır. Ümumi tutumu 100 milyon kubmetr olan su anbarı və 172 kilometrlik magistral boru kəməri Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında təxminən 700 min nəfərin dayanıqlı içməli su təminatını formalaşdıracaq. Magistral xətt üzərində nəzərdə tutulan üç su elektrik stansiyası isə su və enerji resurslarının vahid idarəetmə modeli əsasında inkişaf etdirildiyini göstərir. Beləliklə, Laçında həyata keçirilən layihələr təkcə infrastruktur quruculuğu deyil, Azərbaycanın enerji təhlükəsizliyini, su təminatını və regional inkişafını uzunmüddətli perspektivdə möhkəmləndirən dövlət siyasətinin ardıcıl və strateji ifadəsidir”.
Zaira Akifqızı
Globalinfo.az