Rusiya ətrafında geosiyasi təzyiq artır. NATO-nun Şərqi Avropada və Qara dəniz regionunda mövqelərini gücləndirməsi Moskvada ciddi narahatlıq doğurur. Ukraynada başlanan müharibənin əsas səbəblərindən biri kimi NATO-nun şərqə doğru genişlənməsi göstərilsə də, hazırda Alyansın bölgədə artan fəallığı yeni suallar yaradır.
NATO qüvvələrinin bölgəyə yaxınlaşması, Alyansa üzv ölkələrin hərbi əməkdaşlığının genişlənməsi və xüsusilə Türkiyənin regional rolunun artması Moskvanın qarşısında yeni geosiyasi çağırışlar yaradır.
Kreml NATO-nun təsir dairəsinin genişlənməsinin qarşısını almaq üçün hansı addımları ata bilər? Əgər Ukrayna müharibəsi məhz NATO-nun yaxınlaşmasına cavab olaraq başladılıbsa, Alyansın yeni regional imkanları Moskvanı strategiyasını dəyişməyə məcbur edəcəkmi? Digər tərəfdən, NATO-nun Türkiyə üzərindən bölgədə daha aktiv mövqe tutması Rusiya-Türkiyə münasibətlərinə necə təsir göstərəcək?
Globalinfo.az-a danışan siyasi şərhçi Tamilla Qulami deyib ki, son dövrlərdə baş verən hadisələrə nəzər saldıqda NATO ilə Rusiya arasında geosiyasi rəqabətin yeni mərhələyə qədəm qoyduğu görünür:
“Xüsusilə də Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Yaxın Şərqdə baş verən hadisələr fonunda bu vəziyyət müşahidə olunur. Proseslərə nəzər salarkən fikrimizə “Rusiya təklənirmi?” sualı gəlir. Lakin bugünkü mərhələdə Rusiyanın tam olaraq təkləndiyini demək bir az sadəlövhlük olar. Çünki rəsmi Moskva hələ də Çin, Şimali Koreya, İran və bir sıra Asiya, Afrika və Latın Amerikası ölkələri ilə siyasi və iqtisadi əlaqələrini qorumağa çalışır. Düzdür, bütün bunlara rəğmən Avropa təhlükəsizlik sistemində Rusiyanın təsir imkanlarının əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə zəiflədiyi də danılmaz faktdır.
Əlbəttə, Rusiya-Ukrayna savaşı fonunda NATO-nun Şərqi Avropada hərbi mövcudluğunu artırması, Finlandiya və İsveçin də Alyansa qoşulması, Baltik dənizi və Qara dəniz istiqamətində yeni müdafiə planlarının hazırlanması Kremlin təhlükəsizlik narahatlıqlarını daha da gücləndirib. Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayarkən əsas arqumentlərindən biri o idi ki, NATO şərqə doğru genişlənməsin və Alyansın bu addımının qarşısı alınsın. Paradoks isə ondadır ki, müharibənin nəticəsinin və bu arqumentin əksinə, NATO daha da böyüyüb, sərhədlərini genişləndirib və Rusiyanın yaxın ətrafında hərbi koordinasiyanı gücləndirib”.

Tamilla Qulami
Siyasi şərhçi qeyd edib ki, Türkiyə bu proseslərdən kənar qala bilməz:
“Bu ölkə regionda xüsusi diqqət çəkən aktorlardan biridir. Ankara NATO-nun ikinci ən böyük ordusuna malik olmaqla yanaşı, eyni zamanda Rusiya ilə enerji, turizm, ticarət və regional təhlükəsizlik sahələrində əməkdaşlığı davam etdirir. Türkiyənin sadaladığım proseslər fonunda həm Moskva, həm də Qərblə eyni vaxtda işləyə bilməsi onun xarici siyasətinin əsas xüsusiyyətidir.
“NATO artıq Türkiyə üzərindən həmlə edir” fikri müəyyən mənada simvolik məna daşıyır. Xüsusilə qeyd edim ki, Türkiyə Alyansın cənub cinahının əsas dayağıdır və onun hərbi infrastrukturu NATO üçün strateji əhəmiyyət daşıyır. Paralel olaraq, Ankara son illərdə balanslaşdırılmış siyasət yürüdür və Rusiyanı birbaşa qarşısına almamağa çalışır. Türkiyə Ukraynaya hərbi dəstək versə də, Rusiya ilə dialoq kanallarını bağlamayıb və bir çox regional məsələlərdə vasitəçi rolunu qoruyub”.
Ekspert deyib ki, Moskva bu prosesi əngəlləyə bilər:
“İlk növbədə, Kremlin hərbi deyil, siyasi və iqtisadi vasitələrdən istifadə imkanı işə düşə bilər. Çünki bu gün müəyyən enerji layihələri, regional diplomatiya, informasiya müharibəsi, eləcə də Yaxın Şərq, Afrika və Asiyada təsir imkanlarının genişləndirilməsi Rusiyanın əsas alətləri olaraq qalır. Həm də Moskvanın NATO daxilində fikir ayrılıqlarından faydalanmağı və Türkiyə kimi ölkələrlə ikitərəfli münasibətləri qorumağı da Rusiya üçün önəmli məsələlərdəndir.
Bəs Türkiyə–Rusiya münasibətləri böhrana girə bilərmi? Hazırkı mərhələdə tammiqyaslı siyasi böhran ehtimalı yüksək görünmür. Çünki hər iki ölkənin bir-birinə ciddi iqtisadi və geosiyasi ehtiyacı var. Amma yenə də Ukrayna, Suriya, Qara dəniz, Cənubi Qafqaz və NATO-nun fəaliyyətinin genişlənməsi fonunda Ankara ilə Moskva arasında gərginliklərin artması qaçılmaz ola bilər. Sadəcə Rusiyanın bu gün Türkiyəni özündən uzaqlaşdırmaq lüksünün zəif olduğunu nəzərə alsaq, tərəflərin əvvəlki illərdə olduğu kimi bu fikir ayrılıqlarını idarə etməyə çalışacağını daha real ssenari hesab etmək olar.
Ümumilikdə isə NATO ilə Rusiya arasındakı münasibətə baxdıqda strateji rəqabətin daha da dərinləşəcəyi görünür. Türkiyə isə bu rəqabətin mərkəzində dayanaraq, həm Alyans qarşısındakı öhdəliklərini yerinə yetirməyə, həm də Rusiya ilə münasibətləri tam qoparmamağa çalışacaq. Məhz buna görə də Ankara yaxın illərdə Avrasiya təhlükəsizlik sisteminin taleyini müəyyən edən əsas geosiyasi oyunçulardan biri olaraq qalacaq. Bu gün regionda və dünyada Türkiyənin roluna böyük ehtiyac var”.
Turan Rzayev
Globalinfo.az