“İsrail “Hizbullah” hərəkatına qarşı əməliyyatları davam etdirmək niyyətindədir və İranın Livana yeni zərbələrin endirilməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıqlarını qəbul etmir”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
Nazirin sözlərinə görə, İsrail Müdafiə Ordusu Livandakı “Hizbullah” qruplaşmasına qarşı əməliyyatları davam etdirəcək və ölkənin şimal bölgələrinə hücum olunacağı təqdirdə Beyruta zərbə vuracaq.
“Beyrutun Dahiya bölgəsi İsrailin şimal yaşayış məntəqələri ilə eyni şəkildə qiymətləndiriləcək. Şimal rayonlarına edilən istənilən hücum Dahiya istiqamətinə cavab zərbəsi ilə nəticələnəcək”, – deyə Katz vurğulayıb.
Müdafiə naziri həmçinin İsrailin İranın təhdidlərini qətiyyətlə rədd etdiyini bildirib:
“İranın Livanla əlaqəli şəkildə İsrailə qarşı hər hansı hücum təşkil etmək cəhdi güclü cavabla qarşılanacaq. Dünən olduğu kimi, bu dəfə də sərt reaksiya veriləcək”, – deyə o qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az