df 91

Azərbaycanın ev sahibliyi ilə Heydər Əliyev Mərkəzində Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbirin açılış mərasimi keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə” şüarı altında təşkil olunan tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) tərəfdaşlığı çərçivəsində baş tutub.

    Tədbirdə Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Prezident İlham Əliyevin beynəlxalq tədbir iştirakçılarına müraciətini oxuyub.

    Daha sonra ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov çıxış edib. Nazir qeyd edib ki, ölkəmizin bu gün ilk dəfə olaraq BMT-nin Ətraf Mühit Proqramının tərəfdaşlığı ilə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsi Azərbaycanın qlobal ekoloji gündəlikdə fəal iştirakının, beynəlxalq əməkdaşlığa açıq yanaşmasının və ətraf mühitin mühafizəsinə verdiyi önəmin mühüm göstəricisidir.

    Nazir Azərbaycanda son dövrlərdə bu sahədə görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb və qeyd edib ki, Azərbaycanda tullantıların idarə olunması sahəsində də bir sıra islahatlar həyata keçirilir.

    BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Azərbaycanın ev sahibliyinu yüksək qiymətləndirib və bu sahədə görülməli işlərdən bəhs edib.

    Daha sonra tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil, COP31-in təyin olunmuş prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun videomesajları dinlənilib.

    Sonda Ümumdünya Ətraf Mühit Gününə və EXPO 2027-yə ev sahibliyi edəcək Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov Azərbaycanın tədbiri yüksək səviyyədə təşkil etdiyini diqqətə çatdırıb və bildirib ki, Azərbaycanın Dünya Ətraf Mühit Gününə yüksək səviyyədə ev sahibliyi etməsi gələcək təşkilatçılar üçün nümunədir: “Dünya Ətraf Mühit Günü 2027-nin Belqradda keçirilməsi Serbiya üçün həm şərəf, həm də böyük məsuliyyətdir”.

    Daha sonra serbiyalı nazir ölkəsinin bu sahədə gördüyü işlərdən danışıb və növbəti il Serbiyanın hədəfləri barədə məlumat verib.

    Tədbirin açılış mərasimi bədii hissə ilə davam edib.

    ***11:16

    Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir.

    Globalinfo.az xəbər verir ki, tədbir “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə” mövzusu altında keçirilir.

    Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, UNEP-in nümayəndələri də iştirak edir.

    Rəsmi açılış mərasimindən sonra tədbir panel sessiyalarla davam edəcək.

    Sessiyalar “Metan emissiyalarının azaldılması üçün birgə fəaliyyət: kənd təsərrüfatı, enerji və tullantılar sektorunda həllər”, “Xəzər dənizi dönüş nöqtəsində: dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elm-siyasət dialoqu” adı altında baş tutacaq.

    Qeyd edək ki, Azərbaycan Ümumdünya Ətraf Mühit Günü ilə bağlı estafeti 2024-cü ildə Koreyada keçirilən tədbirdə qəbul edib.

    1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilən Ümumdünya Ətraf Mühit Günü milyonlarla insanı bir araya gətirən ətraf mühit sahəsində qlobal platformadır.

    Azərbaycan qorunan təbiət ərazilərinin genişləndirilməsi, biomüxtəlifliyin qorunması, ekosistemlərin bərpası və iqlim dəyişmələri ilə mübarizə istiqamətində fəaliyyətini davam etdirir.

    Ölkə həmçinin Paris Sazişi tərəfi kimi emissiyaların azaldılması öhdəliyini götürüb və bərpa olunan enerji sahəsini genişləndirir.

    COP29-a ev sahibliyinin yaratdığı dinamikanı davam etdirən Azərbaycan bu tədbir vasitəsilə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə və ekoloji öhdəliklərin praktik fəaliyyətə çevrilməsinə töhfə verməyi hədəfləyir.

    df 92 df 93 df 94 df 95 df 96 df 97 df 98 df 99 df 99 1

    Paylaş: