WhatsApp Image 2025 02 03 at 17.21.50

“Müzakirə etdiyimiz bu qanun layihəsi mahiyyət etibarilə gömrük sisteminin daha müasir, daha çevik və daha rəqəmsal əsaslarla işləməsinə yönəlib.Bu, prinsip etibarilə müsbət istiqamətdir”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Razi Nurullayev “Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi” haqda danışarkən deyib.

O bildirib ki, xüsusilə “elektron bəyanetmə”, “bir pəncərə prinsipi”, “səyyar gömrük auditi” kimi yanaşmalar müasir ticarətin tələblərinə cavab verir və şəffaflığı artırmaq potensialına malikdir:

“Eyni zamanda, anlayışların yenilənməsi və beynəlxalq terminologiyaya uyğunlaşdırılması da Azərbaycanın qlobal ticarət sisteminə inteqrasiyası baxımından vacib addımdır. Problem ondadır ki, biz çox vaxt qanunları müasirləşdiririk, lakin praktik mexanizmlər eyni qalır. Bu layihədə də risk budur. Kağız üzərində sadələşdirmə var, amma sahibkarın gündəlik təcrübəsində prosedurlar həqiqətən sadələşəcəkmi? Elektron sistemlər sürəti artıracaqmı, yoxsa yeni texniki və inzibati baryerlər yaradacaq? Təəssüflər olsun ki, optimist deyiləm”.

Millət vəkili bildirib ki, məsələn, səyyar gömrük auditi institutu nəzərdə tutulur:

“Bu, prinsipcə yaxşı alətdir. Amma aydın mexanizmlər olmazsa, bu alət çevik nəzarət yox, əlavə təzyiq vasitəsinə də çevrilə bilər. Sahibkar üçün əsas sual budur: bu audit şəffaf və proqnozlaşdırılan olacaq, yoxsa subyektiv qərarlara açıq qalacaq?

Digər mühüm məsələ isə rəqəmsallaşma ilə insan faktoru arasındakı balansdır. Elektron sistemlərin tətbiqi müsbətdir. Amma əgər qərarvermə yenə də insan faktorundan asılı qalırsa, sadəcə kağızı ekrana köçürmüş oluruq, problemi həll etmirik.

Bir də çox vacib məqam: bu dəyişikliklər biznes mühitinə necə təsir edəcək? Qanun layihəsində ticarətin asanlaşdırılması məqsədi qeyd olunur. Amma reallıqda sahibkar üçün əsas olan sürət, aydınlıq və proqnozlaşdırıla bilən yanaşmadır. Əgər qaydalar tez-tez dəyişirsə, izahı çətindirsə və tətbiqi qeyri-bərabərdirsə, bu artıq risk yaradır və investoru çəkindirir”.

R.Nurullayev qeyd edib ki, bu qanun layihəsini dəstəkləməklə yanaşı, üç prinsip üzərində xüsusi dayanmaq lazımdır:

“Birincisi, hər bir yeni mexanizmin konkret tətbiq qaydası və məsuliyyət çərçivəsi aydın olmalıdır. İkincisi, rəqəmsallaşma real sadələşdirməyə gətirməlidir, formal dəyişikliklə kifayətlənməməlidir. Üçüncüsü, sahibkarın hüquqları və müdafiə mexanizmləri paralel şəkildə gücləndirilməlidir. Çünki sonda məsələ çox sadədir: gömrük sistemi dövlət üçün nəzarət aləti olmaqla yanaşı, iqtisadiyyat üçün də dəstək mexanizmi olmalıdır. Əgər bu balansı qoruya bilsək, bu dəyişikliklər real nəticə verəcək. Əks halda isə biz yenə də yaxşı yazılmış, amma zəif və subyektiv tətbiq olunan qanunla üz-üzə qalacağıq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: