Vətən müharibəsi Azərbaycan tarixində təkcə hərbi qələbə kimi deyil, həm də xalqın milli iradəsinin, birliyinin və sarsılmaz qətiyyətinin parlaq təzahürü kimi yadda qaldı. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük mübarizə nəticəsində ölkənin uzun illər işğal altında qalmış ərazilərinin azad edilməsi istiqamətində mühüm tarixi nailiyyətlər əldə olundu. Bu qələbə Azərbaycan Ordusunun peşəkarlığının, dövlətin düzgün strateji siyasətinin və xalqla ordu birliyinin nəticəsi olaraq tarixə düşdü.
Qələbə yalnız cəbhə xəttində deyil, həm də informasiya müstəvisində aparılan mübarizənin uğurlu nəticəsi idi. Müharibə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, dezinformasiyaların qarşısının alınması və real vəziyyətin obyektiv şəkildə təqdim edilməsi xüsusi əhəmiyyət daşıyırdı. Bu prosesdə informasiya savaşı diplomatik və media platformalarında paralel şəkildə aparıldı və ölkənin mövqeyinin beynəlxalq aləmdə daha aydın şəkildə anlaşılmasına şərait yaratdı.
Eyni zamanda, müharibə dövründə və ondan əvvəl Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, mülki əhaliyə qarşı həyata keçirilən hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulması kimi tarixə düşdü. Şəhərlərin və yaşayış məntəqələrinin atəşə tutulması, dinc insanların hədəfə alınması bu münaqişənin humanitar fəlakət ölçüsünü bir daha ortaya qoydu.
Bu hadisələrin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılması, həqiqətlərin təhrif olunmadan təqdim edilməsi müasir dövrdə informasiya mübarizəsinin əsas istiqamətlərindən birinə çevrildi. Azərbaycan tərəfi bu sahədə ardıcıl və məqsədyönlü fəaliyyət göstərərək həm tarixi ədalətin bərpasına, həm də reallıqların beynəlxalq müstəvidə tanınmasına nail olmağa çalışdı.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi zəfər, sadəcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, həm də beynəlxalq hüququn və ədalətin bərpası hadisəsidir:
“Vətən müharibəsində əldə olunan qələbə Azərbaycanın hərbi qüdrətinin və xalq-iqtidar birliyinin təntənəsidir. Bu həqiqətlərin dünyaya çatdırılması zamanı əsas diqqət Azərbaycanın 30 illik işğala son qoyaraq BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qətnamələrini təkbaşına yerinə yetirməsi ilə nəticələnib. Bu zəfər Cənubi Qafqazda yeni reallıqlar açmış, bir çox layihə üçün yeni zəmin hazırlayıb. Azərbaycanın ərazisi işğal altında olan ölkədən qalib ölkəyə çevrilməsi onun həm etibarlı tərəfdaşa, həm də “təhlükəsizlik qalası”na çevrilməsinə səbəb oldu. Onu da qeyd edim ki, Ermənistanın 30 illik işğal dövründə və müharibə zamanı törətdiyi cinayətlərin beynəlxalq müstəvidə sənədləşdirilməsi ən vacib vəzifələrdən biridir”.
Zeynal Əmrəliyev onu da bildirib ki, işğaldan azad edilmiş şəhərlərin tamamilə dağıdılması, mədəni abidələrlə yanaşı flora və faunanın sıradan çıxarılması diqqətə alınmalı məsələdir:
“Müharibə zamanı Ermənistan tərəfindən mülki əhalinin hədəf alınması konkret faktlarla sübut olunub. Bu həqiqətlərin yayılması düşmənin “məzlum xalq” obrazını darmadağın edir. Eyni zamanda, müharibə dövründə cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Bərdə kimi şəhərlərin raket hücumuna məruz qalması bir daha qarşı tərəfin vandallıq və qeyri-insani davranışını ortaya qoydu. Hətta müharibədən sonra mina terrorunun davam etməsi də bu prosesin davam etdiyini göstərirdi”.
Zeynal Əmrəliyev daha bir maraqlı məqama toxunub:
“Prezident İlham Əliyevin müharibə dövründə dünyanın aparıcı media qurumlarına (BBC, CNN, Sky News və s.) verdiyi 30-dan çox müsahibə informasiya blokadasını yaran ən güclü silah oldu. Ümumiyyətlə, Azərbaycanın qazandığı hərbi qələbəni diplomatik və hüquqi müstəvidə möhkəmləndirmək üçün Ermənistanın cinayətlərinin dünya tərəfindən tanınması mütləqdir. Bu, həm gələcəkdə revanşist meyillərin qarşısını alır, həm də beynəlxalq məhkəmələrdə Azərbaycanın haqlı davasının hüquqi bazasını təmin edir”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.
Zaira Akifqızı
Globalinfo.az