1736600993 whatsapp mage 2025 01 11 at 15.06.47

Türkiyə İrana qarşı mümkün müharibənin qarşısını almaq üçün diplomatik səylərini artırır. Regionda davam edən gərginlik fonunda rəsmi Ankara vəziyyətin daha da kəskinləşməməsi üçün dialoq və vasitəçilik təşəbbüslərini ön plana çıxarır.

Türkiyənin vasitəçilik təşəbbüslərinin regionda gərginliyin azalmasına nə dərəcədə təsir göstərə biləcəyi, müharibənin qarşısını almaq üçün hansı addımların atılmalı olduğu və digər ölkələrin bu prosesə necə təsir edə biləcəyi hazırda əsas müzakirə mövzularındandır.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmirəliyev deyib ki, Türkiyə öz üzərinə regional güc olmaq missiyasını götürüb:

“Bu səbəbdən Ankara regionda münaqişənin dərinləşməsində maraqlı deyil. Eyni zamanda İranın məğlub edilməsi və İsrailin güclənməsi Türkiyənin maraqlarına cavab vermir. Burada bir neçə mühüm məqam var.

Birincisi, Qəzza məsələsidir. Ümumiyyətlə, Türkiyədəki mövcud hökumət Qəzza və Qüds məsələlərini özünün “qırmızı xətti” hesab edir.

İkincisi, İsrailin Suriyaya qarşı ərazi iddialarıdır. Rəsmi Ankara Suriyada güclü və sabit mərkəzi hakimiyyətin formalaşmasını istəyir.

Üçüncüsü isə İranın zəiflədiyi və ya parçalandığı təqdirdə xarici qüvvələrin kürd faktorundan istifadə etməsi ehtimalıdır ki, bu da Türkiyənin milli təhlükəsizlik maraqlarına uyğun deyil.

zeynal serh
Zeynal Əmrəliyev

Fikrimcə, mövcud situasiyada Türkiyə üzərinə düşən missiyanı yerinə yetirməyə çalışacaq. Hətta ABŞ və İran arasında ehtimal olunan danışıqlar üçün ən uyğun ev sahibi ölkə məhz Türkiyədir. Rəsmi Ankara maksimum dərəcədə münaqişənin qarşısını almaq üçün səylərini davam etdirir.

Lakin münaqişənin hazırkı mərhələsi onu deməyə əsas verir ki, sülhdən danışmaq hələ tezdir. Tərəflər bir-birinə ciddi zərbələr endirir və gərginlik gündən-günə artır. İranda mühüm şəxslərin öldürülməsi vəziyyəti daha da gərginləşdirib və Tehran buna cavab addımları atır. Yalnız tərəflərin resursları tükəndikdən sonra Türkiyənin vasitəçilik təşəbbüsləri daha real nəticə verə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: