Xocalı görüşündə iştirak edən üçüncü erməni nümayəndənin adı bilinib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat “ARB 24” televiziyasının “Nə baş verir?” proqramında paylaşılıb.
Belə ki, özünün diplomatik mənbələrinə istinad edən televiziya qondarma rejimin nümayəndə heyətindəki üçüncü şəxsin adının Geqam Stepanyan olduğunu bildirib. Geqam Stepanyanın hazırda “qondarma rejimin ombudsmanı” “vəzifəsini” icra etdiyi vurğulanıb.
Qeyd edək ki, bundan öncə Xocalı görüşündən yayılan fotoda Stepanyan yer almayıb. Onun bu fotoda yalnız əli düşüb ki, bu da qondarma rejimin nümayəndə heyəti ilə bağlı bir sıra müəmmalı məlumatların yayılmasına səbəb olub. Fotoda yer alan digər iki şəxsin isə qondarma rejimin təhlükəsizlik şurasının katibi Samvel Şaxramanyan və Rusiya sülhməramlıları ilə münasibətlərin təmin edilməsi üzrə mərkəzin direktoru Sergey Martirosyan olduğu müəyyən edilmişdi. Sonuncunun Vitali Balasanyanla əlaqələrinin olduğu Ermənistan mətbuatının yayımladığı məlumatlarda yer almışdı.
Geqam Stepanyan 1991-ci ildə Xankəndidə anadan olub. O, təhsilini İrəvandakı universitetlərdə alıb və Xankəndinə qayıtdıqdan sonra qondarma rejimin “parlamentində” çalışıb. Stepanyan hazırkı “vəzifəsini” 2021-ci ildən icra edir.
Aqşin Evrən
Globalinfo.az