iran abs muharibe 900x600 3

“CBS Nyus” ABŞ ordusunun bu həftə sonu İrana hücum etməyə hazır olduğunu yazıb. Nəşrin məlumatına görə, hücum şənbə və ya bazar günlərindən sonraya da təxirə salına bilər.  

İddialara əsasən, ABŞ Prezidenti Donald Tramp hücumla bağlı hələlik yekun qərar verməyib. Eyni zamanda, növbəti üç gün ərzində Pentaqon Yaxın Şərqdəki bəzi işçilərini ABŞ-a təxliyə edəcək.

İrana hücum ehtimalı artıq qaçılmazdır? Vaşinqton qərarı dəyişə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ağ Ev potensial hücumdan eskalasiya risklərini, həmçinin siyasi və hərbi çəkinməni qiymətləndirir:

“Daha əvvəl “Axios” portalı da oxşar iddia ilə çıxış etmişdi. Bu iddialar sadəcə İranı qorxutmaq məqsədli də ola bilər. Başqa sözlə, oxşar məzmunlu məlumatları davam edən informasiya müharibəsinin tərkib hissəsi kimi də qiymətləndirə bilərik.

Məlumdur ki, Tehranla Vaşinqton arasında nüvə dosyesi ilə bağlı danışıqlar gedir. Dialoq pəncərəsi açıqdır, müzakirələr davam edir. Fikrimcə, hər iki tərəf müzakirələrə konstruktiv yanaşırlar. Buna baxmayaraq, ABŞ prosesdən maksimum qazanclı çıxmağa, İran isə minimum güzəştə getməyə çalışır. Vaşinqton belə bir şəraitdə Tehrana təsir mexanizmlərini qorumaq istəyir.

İran hər nə qədər buna hazır olduğunu desə də, ABŞ ilə müharibə ona sərf etmir. Bu, İran üçün ağır nəticələrlə yadda qala bilər.

kenan novruzov
Kənan Novruzov

Heç ABŞ da müharibə istəmir. Ən azından ona görə ki, İran Ərəb dünyası ilə əlaqələr üçün Vaşinqtona lazım ola bilər. Əgər ABŞ İranla bütün “körpüləri yandırmaq” istəsəydi, buna çoxdan gedər, İsraillə 12 gün davam edən müharibəni dayandırmazdı.

Hazırkı situsiyada ABŞ həm İsraili, həm də İranı idarəetməyə çalışır. Fikrimcə, mümkün eskalasiya ABŞ üçün hələ A variantı deyil. Vaşinqton buna getməzdən əvvəl Tehranın “nəbzini yoxlayacaq”. ABŞ yalnız İranın destruktiv mövqeyindən əmin olduqdan sonra silahları işə salacaq.

ABŞ mümkün qədər tez nəticə əldə etməyə, İran isə bacardığı qədər vaxt qazanmağa çalışacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: