kos

Avropa İttifaqı Naxçıvan istiqamətini əhatə edən TRIPP layihəsini region üçün strateji dönüş nöqtəsi kimi qiymətləndirir.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının Genişləndirmə üzrə komissarı  Marta Kos Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, layihənin yalnız bir hissəsinin həyata keçirilməsi effektiv nəticə verməyəcək və təşəbbüsə kompleks, genişmiqyaslı yanaşma tələb olunur. Avropa İttifaqı artıq Azərbaycanla birlikdə TRIPP çərçivəsində Naxçıvana dəmir yolu xəttinin tikintisini beynəlxalq maliyyə institutları ilə müzakirə edir.

Kos qeyd edib ki, belə iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün özəl kapitalın cəlb olunması vacibdir. Onun sözlərinə görə, bu cür layihələri yalnız dövlət vəsaiti hesabına maliyyələşdirmək mümkün deyil və investorlar üçün əlverişli mühit yaradılmalıdır.

Avrokomissar vurğulayıb ki, artan geosiyasi risklər fonunda Aİ nəqliyyat marşrutlarının şaxələndirilməsinə xüsusi önəm verir. O bildirib ki, asılılıqlar getdikcə siyasi təzyiq alətinə çevrilir və bu səbəbdən Avropa ilə Çin arasında alternativ və daha səmərəli logistika istiqamətlərinin inkişafı prioritet sayılır.

Kosun sözlərinə görə, Transxəzər nəqliyyat dəhlizi 2030-cu ilə qədər yükdaşımaların həcmini üç dəfə artırmaq, tranzit müddətini iki dəfə azaltmaq və hər il milyonlarla vəsaitə qənaət etmək imkan verə bilər.

Avrokomissar həmçinin İlham Əliyevə Cənubi Qafqazda sülh prosesində göstərdiyi liderliyə görə təşəkkür edib. O bildirib ki, Ermənistan ilə normallaşma istiqamətində aparılan dialoq regionda yeni əməkdaşlıq imkanları yaradır və iri nəqliyyat layihələrinin reallaşmasını sürətləndirə bilər.

Kos əlavə edib ki, əvvəllər Qara dəniz və Xəzər hövzəsi daha çox bölünmə zonası kimi qəbul edilirdisə, hazırda region qarşılıqlı əlaqə və əməkdaşlıq məkanı kimi formalaşır. Onun fikrincə, əsas amil tərəflərin siyasi iradəsidir və bu yanaşma Avropa ilə əməkdaşlıq üçün yeni kanallar açır, o cümlədən Türkiyə ilə dialoqun genişlənməsinə şərait yaradır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: