Amerikalı milyarder İlon Maskın dünyada doğum səviyyəsinin azalması ilə bağlı səsləndirdiyi proqnoz narahatlıq doğurub. Maskın sözlərinə görə, mövcud tendensiya davam edərsə, zamanla bütöv mədəniyyətlər və ölkələr yox olacaq.
Maraqlıdır, hansı ölkələr yox olma təhlükəsi ilə üz-üzədir? Azərbaycan da demoqrafik böhranla bağlı risk kateqoriyasındadır?
Globalinfo.az-a danışan sosioloq Yusif Nəbiyev deyib ki, İlon Maskın bu tip iddiaları səsləndirməsi yeni hal deyil və o, problemləri apokaliptik çalarlarda təqdim etməyi sevir:
“Bundandır ki, tez-tez “qiyamət ssenarilər”i qurur. Amma sosioloji baxımdan baxsaq, doğum səviyyəsinin azalmasının demoqrafik keçid fazasında olan cəmiyyətlər üçün tipik bir mərhələ olduğunu demək mümkündür. Cəmiyyətlər sənayeləşdikcə, urbanizasiya və təhsil səviyyəsi yüksəldikcə doğum azalır. Bu, mütləq mənada mədəniyyətlərin yox olması demək deyil, cəmiyyətlərin strukturunun dəyişməsi ilə izah oluna bilər. Yəni məsələ insanlığın bitməsi yox, qismən yaşlanmasıdır”.
Sosioloq bildirib ki, Azərbaycan hələ tam risk zonasında deyil:
“Lakin təhlükəsiz ərazi də sayılmır. Eyni zamanda nəzərə alsaq ki, geridən gələn (lagging) göstəricilərin siqnalları da gecikmiş olur, bu, bizi daha da ayıq-sayıq olmağa vadar edir. Klassik kənd cəmiyyətindən çıxıb yarı modern mərhələyə keçməyin nəticəsi olaraq doğum səviyyəsi azalır, nikah yaşı yüksəlir və ailə modeli dəyişir. Burada əsas risk sosial siyasətin bu dəyişikliklə ayaqlaşmaması və yaşlanan əhali ilə zəif sosial təminat sisteminin üz-üzə qalmasıdır.
Həqiqi mənada “yox olma” riski isə daha çox Yaponiya, Cənubi Koreya, İtaliya kimi ultra-aşağı doğum səviyyəsi olan ölkələr üçün keçərlidir. Çünki bu ölkələrdə ümumi doğum əmsalı, hətta birin altına düşüb ki, bu, artıq demoqrafik böhran deməkdir”.
Ləman İmran
Globalinfo.az
