Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın yaratmağı planlaşdırdığı və “Sülh Şurası” adlandırılan təşəbbüsə qoşulmaq dəvətini qəbul etməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Paris bu təşəbbüsə ehtiyatla yanaşır. Mənbələr bildirir ki, tənqidçilər Trampın uzun müddətdir tənqid etdiyi BMT-yə alternativ və ya onunla rəqabət aparacaq yeni bir qurum yaratmaq niyyətində olmasından narahatdırlar.
Bundan əvvəl “Financial Times” qəzeti məlumatlı mənbələrə istinadən yazmışdı ki, Ağ Ev BMT-nin əvəzinə Donald Trampın sədrliyi ilə fəaliyyət göstərəcək “Sülh Şurası”nın yaradılması imkanını müzakirə edir. Bildirilirdi ki, Vaşinqton bu qurumun mandatını yalnız Qəzza ilə məhdudlaşdırmaq niyyətində deyil.
Qeyd olunur ki, mümkün “Sülh Şurası”nın fəaliyyət dairəsi Ukrayna, Venesuela və digər münaqişə ocaqlarını da əhatə edə bilər. Lakin Fransa rəhbərliyi bu təşəbbüsün beynəlxalq hüquq və mövcud qlobal mexanizmlərlə ziddiyyət təşkil edə biləcəyini düşünür.
Tahir Turan
Globalinfo.az