1707409151 zelenski zalujni

“ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra onun Ukrayna Prezidenti Volodimir Zelenskinin qeyri-legitim olmasına dair işarələri Rusiya lideri Vladimir Putinin hekayələri ilə oxşarlıq təşkil etdi. Trampın Ukrayna prezidentini “seçkisiz diktator” adlandırması Putinin Zelenskinin qeyri-legitim olmasına dair iddialarının ABŞ tərəfindən dəstəklənməsi demək idi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri analitik Aqşin Kərimov deyib.

Analitik bildirib ki, sonradan, xüsusilə də Trampın həm Zelenski ilə “barışıq”, həm də Putinlə görüş trafikləri həmin iddiaları bir qədər gündəmdən qaldırdı:

“Bu, müvəqqəti bir fasilə idi və indi Ukraynadakı 100 milyon dollarlıq korrupsiya əməliyyatları, Zelenskinin yaxın adamlarının istefa verməsi həmin gündəliyi yenidən aktuallaşdırıb.

Korrupsiya ittihamlarının ağırlığı Ukraynanın Rusiya qoşunlarının irəliləməsinə qarşı siyasi iradəsinə təsir edir, üstəlik, Kiyev Moskvanın şərtləri qarşısında güzəştə getməsi üçün ABŞ-ın artan təzyiqləri ilə üzləşir. Bu amil Zelenskinin qeyri-legitim olmasına dair iddiaların tirajlanmasındakı yeni mərhələni ABŞ-Rusiya sövdələşməsi kimi xarakterizə edir. Başqa sözlə, korrupsiya skandalı və Zelenskiyə qarşı iddialar Putin-Tramp danışıqlarında razılaşdırılmış müştərək əməliyyatın tərkib hissəsi kimi görünür.

Yəni Trampın komandası hazırda Rusiya ilə nizamlanma üçün potensial ümumi çərçivə üzərində işləyərkən onun daha da qabağa aparılması istiqamətində yeni prezidentə ehtiyac duyur. Burada Ukraynanın silahlı qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujnının adının hallanması təsadüfi deyil. Zalujnının Zelenskini əvəz edə biləcək güclü fiqur olduğu fikri bundan əvvəl də dəfələrlə təkrarlanıb”.

aqsin kerimov 900x600 2
Aqşin Kərimov

Analitikin sözlərinə görə, Zalujnı özü də Zelenskinin kənarlaşdırılması prosesinə dəstək verir.

“Bu günlərdə “Telegraph” nəşrində dərc olunan məqaləsində verdiyi mesajlar onun prezidentlik üçün ambisiyalarını ortaya qoyur. Zalujnı bir növ özünü həm müharibə dövrünün, həm də sülh mərhələsinin prezidenti kimi təsvir edərək yazır: “Sülh, hətta növbəti müharibə ərəfəsində belə, siyasi dəyişikliklər, dərin islahatlar, tam bərpa, iqtisadi artım və vətəndaşların geri qayıtması üçün şans verir”.

Zelenskinin siyasi və hərbi uğursuzluqlar burulğanına düşməsi üçün korrupsiya əməliyyatları bəlkə də, bir mərhələdir. Bundan sonra Zelenskinin istefa verəcəyi haradasa gözləniləndir, lakin müharibə bitməyib və o, Qərbi Rusiyaya qarşı daha fərqli missiyaya inandıra bilər. Bununla belə, Zelenskinin ulduzu artıq sönmək üzrədir və Ukraynanın siyasi üfüqlərində Zalujnının parlayacağı gün uzaqda görünmür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: