Rusiya Prezidenti Vladimir Putinin Bişkekə səfəri zamanı Ukrayna səfirliyi ilə Qırğızıstan Prezidentinin rezidensiyası arasında böyük led ekran quraşdırılıb. Hər iki bina bir-birinin qarşısında yerləşir.
Globalinfo.az bildirir ki, “Meduza”nın yazdığına görə, ilk olaraq bu, ukraynalı jurnalist Qriqori Pırlıkın diqqətini çəkib.
Məlumata görə, ekran elə yerləşdirilib ki, prezident rezidensiyasından nə Ukrayna səfirliyi, nə də onun bayrağı görünür. Putin həmin binaya 27 noyabrda baş çəkib.
Kremlin müxbiri Aleksandr Yunaşevin sözlərinə görə, səfər zamanı ekranda Rusiya bayrağı nümayiş etdirilib.
Ukraynanın Qırğızıstandakı səfirinin müşaviri Denis Avtonomov bu barədə şərh vermək istəmədiyini deyib.
Qırğızıstan Prezident Administrasiyası isə ekranın yeni protokol elementi olduğunu və rəsmi tədbirlər zamanı hökumət materiallarının nümayişi üçün istifadə ediləcəyini açıqlayıb.
Əliyar Xəlil