“Avropa liderlərinin ABŞ-ın 28 bəndlik planına əks-təklif olaraq irəli sürdükləri sülh layihəsi prinsip etibarı ilə Ukraynanın dərin təhlükəsizlik qayğılarını əhatə etmir. İstər ABŞ, istərsə də Avropanın cari gündəmi müharibənin ilk ilində qeyd-şərtsiz olaraq Ukraynanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi ideyalarından fərqlənir”.
Bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov Ukrayna ətrafında baş verən son prossesləri şərh edərkən deyib.
Analitik bildirib ki, hər iki plan Ukraynanın döyüş meydanında uduzduğu və Prezident Volodimir Zelenskinin 100 milyon dollarlıq korrupsiya skandalına görə mühasirəyə alındığı bir zamana təsadüf edir:
“Bunun özü ciddi bir siqnaldır və görünür ki, ən çox da ABŞ Zelenskinin Rusiya qarşısında məğlubiyyəti qəbul etməsi üçün onun ən zəif anını gözləyib və ya bunu özü formalaşdırıb. Bu zəif damar korrupsiya skandalı ilə partladı və ABŞ-ın Ukraynaya dəstək kampaniyasından əl çəkməsi üçün Prezident Donald Trampın irəli sürdüyü povestin Avropa tərəfindən dəstəklənməsi məqsədilə müzakirələrə qapı açmış oldu.
Ona görə də, Avropa liderlərinin sülh qayəsi ABŞ-ın təqdim etdiyi prinsiplərdən kardinal şəkildə fərqlənmir və Qərbin hər iki parçası Rusiyanın müharibədən öncəki şərtlərini nəzərə alan bəndləri prioritetləşdirirlər.
Cenevrədə ABŞ-ın 28 bəndlik planının dəyişdirilməsi ilə bağlı Avropa liderlərinin təklif etdiyi ideyalara qarşı Rusiya əvvəlki hekayələri təkrarlayır. Moskva rəsmiləri və millətçi səslər Rusiyanın Ukrayna dövlətçiliyinin məhv edilməsi və NATO müttəfiqliyinin zəiflədilməsi ilə bağlı çoxdankı tələblərinə nail olmayan istənilən sülh planını rədd edir”.
Ekspertin sözlərinə görə, bütün bunlar nəticədir, amma son nəticə deyil:
“Son nəticəyə doğru Rusiyanın əlinin bərkitməyə çalışması bir neçə səbəblə izah oluna bilər.
Birincisi, döyüş meydanında Rusiyanın dinamikanı və təşəbbüsü ələ almasıdır. Xüsusilə Pokrovsk-Minqorod istiqamətində mühasirə taktikası Rusiyanın sonrakı dövrdə Ukraynanın işğalda olmayan dərinliklərinə irəliləmək şansı təqdim edir.
İkincisi, bu prosesə qədər Donald Trampla Rusiya Prezidenti Vladimir Putinin Alyaskada geosiyasi bazarlıq üçün dərəcələri müəyyənləşdirməsidir. Məhz Alyaska sammitindən sonra Rusiyanın Avropanın dərinliklərində kəşfiyyat əməliyyatlarını genişləndirməsi bir sıra suallar yaradır və məsuliyyət bölgüsündə ABŞ-ın iştirakdan yayınması barədə Avropada həyəcana səbəb olur.
Üçüncüsü, Rusiyanın NATO üzvü olan dövlətlərin hava məkanını pozmaq səylərinin intensivləşməsidir ki, bu da mümkün Rusiya-NATO hərbi qarşıdurmasını modelləşdirməyə əsas yaradır”.
Analitik əlavə edib ki, bu amil Avropa ilə Rusiya arasında qüvvələr balansının təhlilinə də istiqamət açır:
“Qüvvələr balansının təhlili göstərir ki, quru ərazisi və hava məkanı Avropanın zəif nöqtəsi olaraq qalır. Rusiya kütlə, atəş gücü, səfərbərlik qabiliyyəti və aşınmaya dözümlülük baxımından həlledici üstünlüyə malikdir. Rusiya ictimaiyyətində müharibəyə isti münasibət də Moskvanı Avropa qarşısında insan kapitallı dəstəklə qüvvətləndirir.
Lakin Avropa təlim, komandanlıq və birləşmiş silah taktikasında keyfiyyət üstünlüyünü saxlayır. Bununla belə, ABŞ-ın kütləvi dəstəyi olmadan, Avropanın bu üstünlükləri qorumaq və Rusiyanın müdaxilələrini zərərsizləşdirmək imkanları problemlidir. Deməli, Tramp Putinlə sövdələşməni ABŞ-ın Avropa üzərindəki hegemoniyasını əks etdirən alət kimi diqqətdə saxlayır”.

Aqşin Kərimov
A.Kərimov deyib ki, Vaşinqtonun beynəlxalq strategiyası bununla paralel olaraq Moskvaya qarşı geosiyasi cəbhələrdə Trampın müzakirələr aparmasını şərtləndirir:
“Burada ABŞ və onun müttəfiqləri Rusiyanın daxili təhlükəsizlik qayğılarına fokuslana bilərlər.
Rusiya cəmiyyətində Kremlin hərbi kampaniyasına dəstək nisbəti güclüdür. Elita da bundan istifadə edərək müharibə məqsədlərinə ictimai və xalq dəstəyini artıran təbliğat materiallarını genişləndirir. Lakin Ukraynadakı müharibə Rusiya elitasındakı rəqabətləri xaotik keçid riskləri üçün həssaslaşdırır. Bu, Putin üçün həyəcan təbilidir və o, bu problemlərin də öhdəsindən gəlmək barədə əhəmiyyətli qrafik tərtib edir. Görünür ki, Putin daha çox Qərbin X anında kollektiv şəkildə Rusiya daxilində güclü kəşfiyyat əməliyyatları aparmaq qabiliyyətini təhlil edərək ona qarşı immuniteti gücləndirir.
ABŞ strategiyası bir çoxlarının düşündüyünün əksinə olaraq daha güclü görünür və beynəlxalq status-kvonu dəyişdirmək yolu ilə yeni hökmranlıq sərhədlərini çəkir. Ukrayna bu məcrada bir vasitədir və ehtimal ki, Tramp hakimiyyətdə olmasaydı da, eyni siyasət izləniləcəkdi.
Birinci növbədə, ABŞ Çinin Avropa daxilində fəallaşan geosiyasi gücünü sıxışdırır.
İkinci isə Rusiya əleyhinə yeni ideya və strategiya tərtib etmək üçün lazım olan “fasilə”ni götürür. Lakin Rusiya da öz saatını buna uyğunlaşdırır.
Üçüncü, ABŞ gələcək üçün model presedent hazırlayır – müdafiəsi və təhlükəsizliyi kövrək olan dövlətlər və ya Tayvan kimi subyektlərə izafi xərc çəkmək məcburiyyətlərini aradan qaldırır. Ancaq ABŞ Hind-Sakit Okeanı regionunda təşəbbüsləri əldə saxlamağa çalışır – yalnız dəyişik metodlarla.
Bu, yüksək gərginlikli geostrateji mübarizə anının perspektivinin açarıdır və proqnozlaşdırılabilən budur ki, Ukraynadakı “sülh variantı” Avropanın Balkan cəbhəsində kəşfiyyat fəallığı yaradacaq. Son zamanlar Rusiyanın Balkan regionunda fəallıqları buna dair siqnal verir.
Prosesin Asiya regionunda eskalasiya risklərinə yol açacağı da istisna deyil. ABŞ Asiyadakı müttəfiqlərini Çinə qarşı fəallaşdırır. Ən düşündürücü burasıdır ki, Avropanın Fransa, Böyük Britaniya kimi gücləri yenilənən bu strategiyada özlərinin mövqelərini müəyyənləşdirirlər. Ukrayna Prezidenti Volodimir Zelenski bütün bu nəhəng tabloda öz siyasi taleyini təyin edən qərarverici olmayacaq”.
Turan Rzayev
Globalinfo.az