İsrail və Türkiyə arasındakı münasibətlər son günlərdə yenidən gərginləşib. Xüsusilə Suriya məsələsi iki ölkə arasında fikir ayrılıqlarını dərinləşdirən əsas amillərdən biri kimi diqqət çəkir. Son eskalasiyalar, xüsusilə İsrailin Suriyadakı hava hücumları və Türkiyənin bölgədəki maraqları fonunda iki ölkə arasında mümkün qarşıdurma ssenarilərini gündəmə gətirir.
Bu vəziyyət İsrail-Türkiyə münasibətlərində yeni bir soyuq dönəmin başlanğıcı ola bilərmi? Gərginlik nə qədər dərinləşə bilər? Hərbi və diplomatik toqquşma ehtimalı varmı?
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev bildirib ki, son günlərdə Türkiyə ilə İsrail arasında gərginlikdən çox fikir ayrılıqları müşahidə olunur:
“Bu fikir ayrılıqları əsasən Suriya ilə bağlıdır. Türkiyə Suriyada mövqelərini gücləndirir və təsir imkanlarını artırır. Eyni zamanda İsrail də Suriyanın cənubunda öz mövqeyini möhkəmləndirməyə çalışır. Bu iki ölkənin maraqları toqquşduğu üçün bölgədə müəyyən gərginliklərin yaranma ehtimalı var. Suriyada üstünlük qazanan tərəf gələcək qarşıdurmalarda həlledici rol oynaya bilər.
Bununla yanaşı, İsrail-HƏMAS münaqişəsi də Türkiyə-İsrail münasibətlərinə təsirsiz ötüşmür. Rəsmi Ankara türk-müsəlman dünyasının lider ölkələrindən biri kimi çıxış edir və Qəzzada müsəlmanlara qarşı həyata keçirilən hərbi əməliyyatlar onu narahat edir.”
Əli Mustafayev
Politoloqun sözlərinə görə, Türkiyə və İsrail arasında müsbət əlaqələr də mövcuddur:
“Bu münasibətlərin inkişafında Azərbaycanın mühüm rolu ola bilər. Rəsmi Bakı zaman-zaman təşəbbüslərlə də çıxış edib. Türkiyə və İsrail Azərbaycana dost ölkələrdir, yaxşı münasibətləri var.
Regiondakı proseslər dövlətlər arasında dialoqun davam etdirilməsini zəruri edir. Sözsüz ki, bəzi məsələlərdə rəqabət mümkündür, lakin əməkdaşlıq perspektivləri də mövcuddur. Ümumilikdə isə hazırkı münasibətlərin ciddi gərginliyə səbəb olacağı və ya qarşıdurmaya gətirib çıxaracağı ehtimalı azdır. Hətta bəzi məsələlərdə bu ölkələrin ortaq maraqları belə mövcuddur.”
Safura Bənnayeva
Globalinfo.az