Rusiyalı politoloq Andrey Areşevin erməni mediasına müsahibəsində Türkiyə ilə bağlı açıqlamaları diqqət çəkib. O, Ankaranın Cənubi Qafqazda rolunun artdığını, Bakı ilə yanaşı İrəvanın da bu məsələyə razılaşdığını bildirib.
Areşevin sözlərinə görə, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşarsa, Gümrüdə Rusiya bazasının yerləşməsinə ehtiyac qalmayacaq. O, Moskvanın Bakı və İrəvanda mövcudluğunun iqtisadi əsaslara söykəndiyini qeyd edib.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Areşevin fikirləri kifayət qədər məntiqlidir:
“Ankara Cənubi Qafqazda yeni oyunçu deyil, 100 il əvvəl də regiona ciddi təsiri vardı. Hətta deyərdim ki, həmin vaxt Qafqazda yaranan respublikaların mövcudluğu bu və ya başqa formadan Türkiyə ilə Rusiya arasında imzalanan sazişlərə əsasən tənzimlənirdi. Söhbət Moskva və Qars müqaviləsindən gedir.
Türkiyə Cənubi Qafqaz ölkələri müstəqillik əldə etdikdən sonra regionda fəallıq nümayiş etdirməyə başladı. Bu, 2022-ci ildə daha yüksək səviyyəyə çatdı. Həmin il Rusiya Prezidenti Vladimir Putin Türkiyənin artıq Cənubi Qafqazda aktor olduğunu açıq şəkildə demişdi”.

Oqtay Qasım0v
Politoloq bildirib ki, Ankaranın Bakı və Tbilisi ilə ciddi hərbi-texniki əməkdaşlığı var:
“Biz Türkiyə ilə strateji müttəfiqik, bu isə ciddi üstünlük deməkdir. Türkiyənin Cənubi Qafqazla sərhədi var ki, bu da onun regiondan kənar qalmasını mümkünsüz edir.
İrəvanla Ankara arasında münasibətlər normallaşdıqdan sonra rus bazasının Gümrüdə qalmasının mənası olmayacaq. Əslində bu məsələ indi də xüsusi əhəmiyyət kəsb etmir. Fikrimcə, Rusiya da Türkiyəyə görə Cənubi Qafqaz siyasətində korrektələrə gedir”.
Turan Rzayev
Globalinfo.az