“Cənubda Türkiyə, şimalda Norveç və ABŞ, qərbdə Kanada və Böyük Britaniya olmadan Avropa qitəsinin təhlükəsizliyini təsəvvür etmək mümkün deyil”.
Globalinfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Qərb cəmiyyəti anlamalıdır ki, NATO-suz Avropada təhlükəsizlik olmayacaq. NATO-nun müdafiə xərclərinin 80 faizi Aİ üzvü olmayan ölkələrə gedir. Transatlantik Alyans Avropaya yaxşı xidmət göstərir. Daha sıx Avropa inteqrasiyasına yol açmaq, Almaniyanın yenidən birləşməsi, Mərkəzi və Şərqi Avropada demokratiya və azadlığın yayılması, avropalıların yadda saxlamalı olduğu bir tarix dərsidir. Transatlantik alyans ABŞ-a da yaxşı xidmət göstərib. Amerikanın dostları və müttəfiqləri onun təhlükəsizliyinə və maraqlarına əvəzsiz töhfələr verirlər. NATO müttəfiqləri Koreyadan Əfqanıstana qədər ABŞ-la yanaşı dayanıb. Heç bir böyük dövlətin ABŞ qədər dostu və müttəfiqi yoxdur. Bunu pozmağa çalışan istənilən siyasət Amerikanın ən böyük sərvətlərindən birini məhv etmiş olar”, – deyə Stoltenberq vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














