Oqtay Əsədovun ailəsi ilə bağlı nə baş verir? – Sabiq spikerin ətrafında xüsusi əməliyyat

Oqtay Əsədovun ailəsi ilə bağlı nə baş verir? - Sabiq spikerin ətrafında xüsusi əməliyyat

Sabiq spiker Oqtay Əsədovun xanımının işdən azad olunması ictimaiyyətdə müzakirələrə səbəb olub. Maraqlıdır ki, O.Əsədovun nə özü deputat ola bildi, nə də həyat yoldaşı işini davam etdirdi. Əksinə, onu işdən çıxardılar. Nə baş verir? Əsədovlar ailəsi hansı gözdən düşəcək yanlışları edib?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, Oqtay Əsədov və digər məmurların işdən çıxarılması üçün hansısa səhvə yol vermələrinə ehtiyac yoxdur.

O deyib ki, bu cür insanlar köhnə və rusyönümlü kadrlardır:

“Azərbaycan o insanlarla uzağa gedə bilməz. Müasir tələblər yeni insanlar istəyir. Görünür, hökumət buna görə onu hakimiyyətdən uzaqlaşdırıb. O.Əsədov parlament sədri qədər böyük vəzifələrə yüksəlib. Amma heç bir real nəticəsi olmayıb, nümunəvi davranışını görmədik. Hər zaman insanlara kobud cavablar verib, bir çox məqamlarda qanun pozuntularına göz yumub. Məsələn, xatırlayıram ki, onun dövründə Ədalət Partiyasının sədri İlyas İsmayılov məsələ qaldırmışdı. Demişdi ki, bir məmur deputat ola bilməz. Adamı az qala “top atəşinə tutmuşdular”. Halbuki haqlı idi və qanuna uyğun sözlər demişdi”.

H.Oğuzun sözlərinə görə, Oqtay Əsədovun Rusiya ilə xüsusi əlaqələri olub:

“O, qəribə bir bizneslə məşğul idi. Haqqında çox söhbətlər dolaşırdı. Görünür, Əsədovun vəzifədən azad edilməsində bunun da təsiri var. Amma ən böyük səbəb odur ki, bu adamlar indiki dövr üçün idarəçiliyə cavab vermirlər. AŞPA Azərbaycana yeni fürsətlər yaratmağa çalışır. Yəqin ki, gələn ay bu məsələ müzakirə olunacaq. Yeni tələblərə uyğun kadrlar gətirilməlidir hökumətə. Rusyönümlülərdən xilas olmalıyıq artıq. İnanıram ki, hakimiyyət yaxın zamanda bu prosesə başlayacaq. Biz Avropa ilə qarşı-qarşıya gəlməməliyik, əksinə, onların təcrübələrindən yararlanmalıyıq. Düzdür, Avropanın bizə qarşı əsassız iddiaları, ittihamları var. Lakin hər halda onlarla indiki məqamda əlaqəni kəsməməliyik”.

Oqtay Əsədovun ailəsi ilə bağlı nə baş verir? - Sabiq spikerin ətrafında xüsusi əməliyyat

Heydər Oğuz Oqtay Əsədovun zamanında yeyintiyə yol verdiyini istisna etməyib:

“Bilirsiniz ki, adam əvvəl Su Kanalizasiya İdarəsinin rəhbəri idi. Orada da ciddi yeyintilər ortaya çıxıb. Azərbaycan hələ də onun altından çıxa bilməyib. Dövlət o qurumun borclarını ödəməklə məşğuldur”.

Siyasi şərhçi deyib ki, yaşlı şəxslərin vəzifədən könüllü getməsi daha məqsədəuyğundur:

“Bilirsiniz, yaşı 70-ə yaxın adamlar özləri başa düşməlidir ki, artıq onların dövrü deyil. Bu səbəbdən də deputat olmaq iddiasına düşməsinlər. Düşünməsinlər ki, qəbrə mütləq oturduqları kreslodan getməlidirlər. Allah sənə bir ömür verib, pensiyaya çıxmaq hüququ verilib. Ona görə də ömrünün qalan maraqlı günlərini öz nəvələri, övladları ilə keçirə, onlara öz təcrübələrindən danışsan daha yaxşıdır. Hakimiyyətə gəlmisiniz, kresloda oturmusunuz lap yaxşı. Oradan da qəbirə getməli deyilsiniz axı. Adamın özündə gərək vicdan ola, fikirləşə və bəzi addımları heç kəs onlara söz demədən, istefaya göndərmədən ata”.

Zaira Akifqızı
Globalinfo.az