Vaşinqtona gözlənilməz səfər: “Bu ölkə də Türkiyənin taleyini yaşaya bilər”

Vaşinqtona gözlənilməz səfər: "Bu ölkə də Türkiyənin taleyini yaşaya bilər"

“Hindistanın Baş naziri Narendra Modi Ukraynadan qayıdan kimi, ölkənin müdafiə naziri Rajnath Singh ABŞ-a səfər edib. O, səfərdən öncə verdiyi açıqlamada iki ölkənin strateji maraqlarını müzakirə etmək və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək üçün Vaşinqtona gedəcəyini bildirib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Rajnath Singhin Vaşinqtonda Pentaqonun rəhbəri Lloyd Ostinlə görüşdə əsasən müdafiə sahəsində əməkdaşlığın gücləndirməsi mövzularını müzakirə etdiyini bildirib:

“Hər iki dövlət Hind və Sakit Okeanda birgə hərbi əməkdaşlığın vacibliyini vurğulayıb. ABŞ və Hindistan reaktiv mühərriklərin, pilotsuz uçuş aparatlarının birgə istehsalı barədə razılıq əldə ediblər. Bundan başqa, müdafiə nazirləri kosmosda birgə əməkdaşlığın mümkünlüyü ilə bağlı fikir mübadiləsi aparıblar. İki ölkə arasında hərbi əməkdaşlığa baxmayaraq, Vaşinqton Dehlinin Rusiyadan hərbi texnika alışından narahatdır. ABŞ Hindistanın Rusiyadan S-400 raket kompleksləri almasının əleyhinədir. Vaşinqton hesab edir ki, müttəfiqləri Rusiyadan hərbi texnika almamalıdırlar. Hindistan S-400 raket kompleksi ilə maraqlansa da, hələ bu sistemi əldə etməyib”.

Vaşinqtona gözlənilməz səfər: "Bu ölkə də Türkiyənin taleyini yaşaya bilər"

Elxan Şahinoğlu

Onun sözlərinə görə, Dehli üçün xarici və təhlükəsizlik siyasətində balanslı mövqeyi davam etdirmək asan deyil:

“Bir ölkənin həm Rusiya, həm də ABŞ-dan hərbi texnika alması, ortaq layihələr reallaşdırması çətindir. Eyni problemlə Türkiyə də üzləşib. Ankara Moskvadan S-400 raket kompleksləri aldıqdan sonra Vaşinqton ona əvvəlcədən razılaşdırılan və maliyyəsinin bir hissəsi ödənilən F-35 hərbi təyyarələrini satmaqdan imtina etdi”.

E.Şahinoğlu deyib ki, Dehli Vaşinqtonla ortaq hərbi layihələrin reallaşmasına çalışır:

“Hindistanın müdafiə naziri ABŞ-dakı hind disaporu qarşısında etdiyi çıxışda ölkəsinin Vaşinqtonla strateji tərəfdaşlığa sadiq qalacağını vurğulayıb. “ABŞ və Hindistan təbii müttəfiqdirlər” deyən Rajnath Singh iki ölkə arasında güclü tərəfdaşlığın dünyada sabitlik və inkişaf üçün faydalı olacağını söyləyib. Hindistanın müdafiə nazirinin ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşü də diqqət çəkib. Sallivan Çinə səfərə hazırlaşır. O, Pekində Çinin xarici işlər naziri Van Yi ilə görüşəcək. Bu baxımdan Sallivanın Pekində hansı mövzuları müzakirə edəcəyi Dehli üçün də maraqlıdır”.

Zaira Akifqızı
Globalinfo.az