Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Sumqayıtda zavodda kütləvi zəhərlənmə faktı ilə bağlı açıqlama verib.
Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasına 10.07.2024-cü il tarixində saat 17:10-dan başlayaraq 53 nəfər (48-i kişi cinsli, beşi qadın cinsli olmaqla) müraciət edib:
“Qida zəhərlənməsi diaqnozu təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, hamısı ambulator müalicə üçün evə buraxılıb”.
***10:59
Sumqayıtda zavod əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanıb.
Bu barədə Globalinfo.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.














