“Konkret ölkənin daxili-siyasi həyatına aid olan bütün hadisələr (Ermənistan da istisna deyil) bu və ya digər suveren dövlətin daxili işidir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Ermənistanla bütün sahələrdə əlaqələr bir sıra səbəblərə görə bizim üçün həmişə prioritet olub. Burada tarixi, iqtisadi və geosiyasi məsələlər mühüm rol oynayır. Bu münasibətlər həmişə bərabərlik, maraqların qarşılıqlı nəzərə alınması, regiondakı vəziyyətin mürəkkəbliyinin dərk edilməsi üzərində qurulub. Amma ikitərəfli münasibətlərə xələl gətirmək üçün çox şey edilib. Mənə elə gəlir ki, Rusiya öz açıq ürəyi, geniş ruhu ilə ona ünvanlanan qeyri-adekvat, bəzən son dərəcə təhqiredici, dağıdıcı bəyanatlara baxmayaraq, bu cəhdlərin nəticəsiz qalması üçün hər şeyi edib. İkitərəfli münasibətləri pozmaq cəhdləri isə ilk növbədə Ermənistan xalqına zərbə vurub, regional sabitlik və təhlükəsizliyə xələl gətirib”, – Zaxarova bildirib.
Zaxarova əlavə edib ki, Rusiya Ermənistanla həmişə dost olacaq və əlaqələrini inkişaf etdirəcək.
“Çünki söhbət müəyyən vaxtlarda ayrı-ayrı ölkələrin siyasi üfüqlərində görünən konkret şəxsiyyətlərdən getmir. Söhbət insanlardan, iki ölkədən gedir. Biz münasibətlərimizin inkişafına o qədər isti münasibət göstərmişik ki, heç kim onları poza bilməyəcək”, – Zaxarova vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az