Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İran Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi, kontr-admiral Əli Şamxaninin rəsmi dəvəti ilə Tehrana səfər edib. Səfər zamanı Rusiya ilə İran arasında məxfi razılaşmanın imzalandığı iddia edilir. “Vaşinqton Post” öz mənbələrinə istinadən yazıb ki, Moskva və Tehran Rusiya ərazisində dronların istehsalı barədə razılaşıblar.
ABŞ müdafiə naziri Lloyd Ostin isə Moskvanın İran və Şimali Koreya kimi ölkələrdən dəstək almaq səylərinin ABŞ və müttəfiqləri üçün yeni təhlükəsizlik problemləri yatdığını deyib.
Maraqlıdır, İran-Rusiya hərbi əməkdaşlığı dünyaya və region ölkələrinə hansı təhlükələri vəd edir? Bu əməkdaşlıq İranın nüvə silahı əldə etməsinə gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Tofiq Abbasov deyib ki, dünya siyasətində hərbi-siyasi əlaqələr dövlətlərarası münasibətlərin ən önəmli komponentidir:
“44 günlük Vətən müharibəsində biz bunun nə dərəcədə vacib olduğunu gördük. Ümumiyyətlə, ölkəmizin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri ən yeni texnologiyalarla təmin edilib. Təsadüfi deyil ki, müharibə zamanı Azərbaycan yeni texnologiyalardan istifadə edərək çox rasional tərzdə hərbi kampaniya apardı.
Hazırda bu istiqamətdə digər dövlətlər arasında gərgin mübarizə gedir. Məsələn, Türkiyə öz dronlarını Ukraynaya ixrac edir. Rusiya çalışır ki, ordusundakı dron boşluğunu doldursun. Qərbin sanksiyaları və təzyiqləri nəticəsində silah bazarı daralan Rusiya, görünür, İran bazarında yer tapa bilib. Bütün hallarda silah satan və ya alan ölkələr çalışırlar ki, bazardakı mövqelərini qoruyub saxlasınlar”.
Politoloqun sözlərinə görə, İran dron və nanotexnologiyalar sahəsində inkişaf edib:
“Ümumiyyətlə, İraq-İran müharibəsindən sonra rəsmi Tehran PUA və dron texnologiyası ilə yaxından maraqlanmağa başladı. Hətta 1980-ci illərdə İranın dron parkı belə var idi.
Bundan başqa, hazırda İranda nanotexnologiyalar sahəsində də araşdırmalar gedir. Hətta rəsmi Tehran bu sahədə 6-cı yerdədir. Bəzi qüvvələr İran dronlarının keyfiyyətsiz olduğunu, bəzi detallarının Avstriya, Kanadada idxal edildiyi desələr də, Tehran bunu təkzib edir”.
T.Abbasov İran-Rusiya hərbi əməkdaşlığının dünyaya və region ölkələrinə təhlükəsindən bəhs edib:
“İran nüvə silahı əldə etməyə çalışır, lakin hansısa bir nüvə müharibəsinə hazırlaşmır. Ümumiyyətlə, belə bir müharibə İrana gərək deyil. Rusiyaya gəldikdə isə, Kreml Ukrayna müharibəsində buna cəsarət etmədi. Çətin ki, bundan sonra da etsin”.
Turan Rzayev
Globalinfo.az














