76a6580e 541e 4aa3 8422 01ca2a988673

“Vətən müharibəsindəki zəfərdən sonra Azərbaycana qarşı təhdidlərin sayı artmaqdadır. Doğrudur, senatı əleyhimizə qətnamə qəbul edən Fransa savaş zamanı da ikili standartlardan çıxış edərək, işğalçı Ermənistanı dəstəkləyir və əslində, o zaman da beynəlxalq hüquq prinsiplərinə məhəl qoymurdu”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Parisdəki qərəzli qətnamələr Azərbaycan cəmiyyətində Fransaya etimadı tamamilə sarsıdıb:

“Bu özünü iki ölkə arasındakı ticarət dövriyyəsində də göstərir. 2021-ci ildə Azərbaycan ilə Fransa arasındakı ticarət dövriyyəsi 245 milyon 463 min dollar olub. Son 10 ildə tərəflər arasındakı ticarət dövriyyəsi 8 dəfəyə yaxın azalıb. Bu ilin ilk 8 ayında isə Fransa ilə cəmi 218 milyon 874 min dollarlıq dövriyyəmiz olub.

vuqar bayramov 2

Avropa İttifaqı ilə iqtisadi əlaqələri gücləndirən Azərbaycan üçün dayanıqlı tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi prioritetdir. Ancaq Fransa Senatının qəbul etdiyi son qətnamə Parisin öz ənənəvi siyasətini dəyişmək niyyətində olmadığını bir daha nümayiş etdirir. Qafqazın ən güclü ölkəsi ilə əməkdaşlığın gücləndirilməsi üçün qərəzsiz və tərəfsiz olmaq lazımdır. Təhdidlərlə Azərbaycanın mövqeyinə təsir etmək mümkün deyil. Ümid edək ki, aqressivləşən ölkələr bunu daha qısa zamanda anlayacaqlar”.

Millət vəkili Nəsib Məhəmmədəliyev isə bildirib ki, qətnamə erməni diasporu və onlara havadarlıq edən senatorlar tərəfindən irəli sürülüb:

“Yaxın keçmişdə Əlcəzairdə, Ruandada milyonlarla insanı qətlə yetirmiş bir ölkə nə haqla Azərbaycanı təcavüzkarlıqda ittiham edir? Rəsmi Paris Xocalıda və Azərbaycanın digər ərazilərində soyqırımlar, ağlagəlməz qətllər törətmiş, 30 il qonşu ölkənin torpaqlarını işğalda saxlamış erməni terrorçularına bütün imkanları ilə himayədarlıq edir”.

Deputat vurğulayıb ki, Fransa son illər Afrikanın şimalında, Çadda, Liviyada, Malidə, Mərkəzi Afrikada, Nigeriyada, Livanda, Suriyada, İraqda, Şərqi Aralıq dənizində, eləcə də Cənubi Qafqazda, Rusiya-Ukrayna münasibətlərinin tənzimlənməsində Türkiyə ilə ciddi rəqabət aparır və uduzur:

“Ona görə də ölkə daxilindəki resurslarını “türkofobiya”, “islamofobiya” ətrafında cəmləşdirir. Nəticədə Fransa cəmiyyətində Azərbaycanın, Türkiyənin simasında düşmən obrazının yaradılmasına nail olublar.

Burada Ermənistanın mövqeyini xüsusi vurğulamaq istərdim. Bu ölkə məğlubiyyətdən düzgün nəticə çıxarmadı və sülhü yox, konfrantasiya yolunu tutdu. Növbəti dəfə geosiyasi güclərin əlində maşa rolunu oynamağa üstünlük verdi”.

nesib memmed

Millət vəkili Zahid Oruc isə qeyd edib ki, Fransa senatının dünənki qərarı da 2020-ci il noyabrın 25-də Qarabağdakı qondarma və keçmiş rejimin müstəqilliyini tanımağa çağıranların məğlubiyyətidir:

“Senatın qərarında ikinci bənd Türkiyədən qorxunu nümayiş etdirir. Yunanıstanda olduğu kimi, Ermənistanda da sərhədlərə qoşun yığıb, Rusiya hərbi qüvvələrini Gümrüdən çıxarıb, Qafqazı tutmaq istəyirlər. Dünən Fransa senatında qərar çıxaranlar İstanbulun mərkəzində qanlı terrorun sifarişçiləri ilə eyni qüvvələrdir.

Fransa Senatı Xankəndi ermənilərinin təmsilçisi adı ilə Ovanes Kevorkyanı da dəvət edib. Qərbin siyasi riyakarlığına baxın, sabah ölkəmizi insan hüquqları və demokratiya pozuntusunda qınayacaq şəxsləri bir daha tanıyın. Avropa dövlətlərində vəzifələrə yerləşən erməni şəbəkəsinə əsaslanıb deyə bilərik ki, Ermənistan kiçik, Fransa “Böyük Ermənistan”dır.

İki ay əvvəl Fransa müdafiə naziri Sebastiyan Lekorno bəyan etmişdi ki, “biz Ermənistana qoşun yeritməliyik”. 6 oktyabrda Praqada Prezident İlham Əliyev bunun qarşısını aldı.

Biz ermənilərə deməliyik ki, siz türklərə, azərbaycanlılara xidmət edəndə xilas olursunuz. Onları başa salmalıyıq – əsgərini döyüş meydanında, ticarətçisini birjada. Biz Fransa parlamentinə Şuşada yeni bəyannamələrlə cavab verməliyik. Çünki bizim müttəfiqlərimiz daha çoxdur”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: