Hazırda Ermənistanda olan keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyan son müsahibəsində əsas gündəmlərinin Qarabağdan köçən ermənilərin geri qayıtması olduğunu bildirib.
O, buna görə Bakıya təzyiqlərin olduğu, Aİ, ABŞ və Rusiyanın da ermənilərin Qarabağa qayıtmasını istədiklərini deyib. Lakin erməni KİV-lərində həmin ermənilərin əksəriyyətinin azərbaycanlılarla birlikdə yaşamaq istəmədiyi vurğulanır.
Buna baxmayaraq Bakı dəfələrlə onların Azərbaycan qanunlarına uyğun şəkildə ölkə ərazisinə yaşaya biləcəklərini açıqlayıb.
Bəs hazırda bu istiqamətdə Ermənistanla hər hansı danışıqlar aparılırmı? Onların mövcud reallıqda qayıtması, məskunlaşması, necə və nə zaman həyata keçirilə bilər?
Aytən Qurbanova
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova bildirib ki, Qarabağdan köçən ermənilər yalnız bir halda geri qayıda bilərlər:
“Azərbaycan tərəfi hər zaman Qarabağdan Ermənistana gedən erməni sakinlərin geri qayıtmaq hüquqlarının olduğunu açıq şəkildə bəyan edib. Təbii ki, onlar Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edərək Azərbaycan qanunlarına tabe olduqdan sonra bu hüququ qazana bilərlər. İkinci və ya üçüncü dövlətlərin bu məsələ ilə bağlı mövqeyi heç bir halda önəm daşımır. Çünki reinteqrasiya prosesi Azərbaycanın daxili işidir və heç bir dövlətin buna müdaxilə etməyə haqqı yoxdur.
Düşünürəm ki, keçmiş qondarma rejimin “prezidenti” vasitəsilə Ermənistan tərəfinin belə fikirlər səsləndirməsi əvvəlki şou xarakterli ssenarilərin davamı kimi qiymətləndirilə bilər. Lakin bu məsələdə Azərbaycanın kifayət qədər açıq, konkret və qətiyyətli mövqeyi var.
Əgər həmin şəxslər Qarabağda yaşamaq istəyirlərsə, vətəndaşlığa qəbul olunma ilə bağlı müraciət etməli və müvafiq prosedurdan sonra onlara vətəndaşlıq hüququ verilərsə, o zaman qanunvericiliyə uyğun şəkildə qayıdıb Qarabağda yaşa bilərlər. Əks halda, Ermənistanda və ya istədikləri hər hansı bir ölkədə yaşamaqda tam azad seçimə sahibdirlər”.
Ayşən Mustafa
Globalinfo.az