1679941993 pasinyan putin

Ermənistanda Roma Əsasnaməsinin ratifikasiyası rəsmən qəbul edildi. İrəvan rəsmiləri bunun Vladimir Putinin həbs ediləcəyi mənasına gəlmədiyini, məsələnin həlli üçün Moskvaya ikitərəfli saziş imzalamağı təklif etdiklərini bildirdi. Hətta erməni parlament nümayəndəsi artıq Rusiyaya razılaşma mətni göndərdiklərini və cavab gözlədiklərini açıqladı.

Kreml və Rusiya Xarici İşlər Nazirliyi isə ratifikasiya qərarı ilə bağlı sərt bəyanatlar səsləndirərək, İrəvanın bu addımını Rusiyaya qarşı “düşmən münasibəti” adlandırıblar. Paralel olaraq bu addımın Ermənistanın Çin və İranla müttəfiqliyinə də təsir edəcəyi deyilir. Paşinyanı son addımlara görə Zelenski, Ermənistanı isə “ikinci Ukrayna” adlandıranlar var.

Ermənistanın bu son qərarı gərginləşən Rusiya-Ermənistan münasinətlərinə necə təsir göstərəcək? İrəli sürülən fikirləri nə dərəcədə reallığa uyğun hesab etmək olar?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Ermənistan rəsmi olaraq Roma Əsasnaməsini qəbul etdi:

Samir humbetov

Samir Hümbətov

“Beləliklə, Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri zamanı həbs olunması qaçılmazdır. Bu mövzu ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi də kifayət qədər təhdid dolu bir açıqlama yaydı. Hesab edirəm ki, mövcud Ermənistan hökuməti hər detalı nəzərə alaraq bu qərarı verib. Sözügedən qərar İrəvanın şəxsi iradəsinin məhsulu deyil. Qərbin, ABŞ-nin sifarişi ilə həyata keçirilən bir məsələdir. Ermənistanın Roma Əsasnaməsinin ratifikasiyasını təsdiqləməsində həmin güclərin əsas məqsədi Putinin bir daha bu ölkəyə ayaq basmamasına nail olmaqdır”.

Politoloq Nikol Paşinyanın devriləcəyi və Rusiya-Ermənistan müharibəsilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib:

“Aydın məsələdir ki, bu gün Nikol Paşinyanı qoruyan, onun təhlükəsizliyinə təminat verən ABŞ-dır. Vaşinqtonun da burada məqsədi Rusiyanı Ermənistandan uzaqlaşdırmaqdır. Ona görə də düşünürəm ki, bu ölkədə vəziyyət daha da gərginləşəcək. Bu gərginliyin müharibə həddinə çatması, Paşinyanın devrilməsi kimi məsələlər nisbətən çətindir. Baş nazirə qarşı dəfələrlə sui-qəsd cəhdləri olub, lakin nəticə verməyib. Bundan sonra da onun devrilməsi asan məsələ deyil. Nikol Paşinyanı devirə bilməsələr də, hakimiyyətini zəiflətməyə çalışacaqlar. Bu isə qaçılmazdır”.

S.Hümbətov Moskva-İrəvan gərginliyinin regiondakı vəziyyətə təsirini qiymətləndirib:

“İrəvanın atdığı addımlar ümumilikdə regional məsələlərə öz təsirini göstərəcəkdir. Ermənistan həm Rusiya, həm də İranla münasibətlərini yüksək səviyyədə saxlamağa çalışırdı. Lakin son baş verənlər əlaqələrdə soyuqluğun yaranmasına səbəb olub. Hələ ki, İran bunu çox da hiss etdirmir. Nəticə olaraq Ermənistanın Roma statusunu qəbul etməsi əsas Rusiya ilə münasibətlərə çox ciddi zərbə oldu. Bunu Moskva özü belə gözləmirdi, İrəvanın hərəklətlərini daha çox şantaj xarakterli qəbul edildi. Lakin bunun tam əksi oldu. Ermənistan bununla açıq bayraq qaldırdı və Vladimir Putinin təhdid etmiş oldu. Bu isə İrəvan üçün heç də yaxşı nəticə verməyəcək”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: