Son günlər Ermənistanla Azərbaycan arasında Rusiyanın paytaxtı Moskvada sülh müqaviləsinin imzalanacağına dair məlumatlar yayılıb. Tərəflər arasında bir çox problemin həll edilmədiyini nəzərə alsaq, bu müqavilənin nə qədər effektiv olacağı sual altındadır.
Rusiya xarici işlər nazirliyinin dördüncü MDB departamentinin direktoru Denis Qonçar də belə bir sülh sazişinə qarşı olan şəxslərdəndir. O deyib ki, “tələsik imzalanmış sülh müqaviləsi regiona dayanıqlı sülh gətirməyəcək. Bu gələcəkdə yeni münaqişələrə yol aça bilər”.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın son açıqlamasında qeyd etdiyi “Qarabağ Rusiya sülhməramlıları olmadan yaşaya bilməz” sözləri də diqqət çəkir.
Maraqlıdır, Zaxarovanı sonuncu açıqlamasında qeyd etdiyi bu sözlər 2025-də baş verəcək prosesləri anonslamış oldu? Tərəflər arasında bu tezlikdə imzalanacaq sülh müqaviləsi effektiv olacaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, bu tezlikdə imzalanacaq bir sülh sazişi mahiyyət etibarilə ancaq atəşkəs razılaşması ola bilər:

Qabil Hüseynli
“Təcrübə onu göstərir ki, Rusiyanın vasitəçiliyi ilə imzalanan iki mühüm saziş var. Bunun biri atəşkəs razılaşması, digəri isə 10 noyabr sazişidir. Prinsip etibarilə iki saziş də sülh müqaviləsi mahiyyəti daşıyırdı. Lakin biz bu sazişlərə rəğmən gərginliyin davam etdiyini gördük.
Ermənistanla Azərbaycan arasında həllini gözləyən birdən çox məsələ var. Bunların bəziləri vacib, bəziləri orta səviyyəli məsələlərdir. Elə məsələlər var ki, hətta həlli illər çəkə bilər. Lakin indiki məqamda sülh üçün 3 əsas məsələ həll edilməlidir:
1. Tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımalı;
2. Sərhədlərin delimitasiya və demarkasiya məsələsi həll edilməli;
3. Anklav və eksklavlara dair qeyri-müəyyənlik aydınlaşdırılmalıdır.
Bu siyahını uzatmaq olar, lakin məncə, ilk bu üç məsələ həll edilməlidir.
Ekspert bildirib ki, Rusiya Ermənistan ilə Azərbaycan arasında sülhün əldə edilməsini istəmir:
“Rusiya imperialist bir ölkədir və bu xislətindən əl çəkmir. Kreml dövrünün şərtlərinə uyğun hərəkət edir. Bu gün Cənubi Qafqazda varlığını davam etdirmək üçün Moskvaya davamlı münaqişə lazımdır. Kreml bu yolla Ermənistan və Azərbaycanı əlində saxlaya biləcəyini düşünür.
Belə olan təqdirdə Kremldən sülh gözləmək cəlladdan aman diləmək kimi bir şeydir. Düzdür, Rusiya olmadan da sülhdən danışmaq sadəlövhlük olardı. Məhz buna görə Qərb formatı sülh üçün daha uyğundur. Diqqət etsəniz Brüsseldə əldə edilən razılaşmalarda Rusiya nəzərə alınır. Misal üçün tərəflərin razılaşdığı 1991-ci il Almata bəyannaməsi məhz Rusiyanın moderatorluğunda imzalanıb.
Brüssel bu yolla Rusiyanın etirazlarını bloklayır. Buna görə də sülhün əldə edilməsində Brüssel formatı daha doğru və daha adekvatdır”.
Q. Hüseynlinin sözlərinə görə, Rusiya 2025-ci ildə Qarabağdan çıxmalı olduğunu bilir və bunun baş tutmaması üçün əlindən gələni edir:
“Kremlin Qarabağa gəlişi asan olmadı. Getməsi də asan olmayacaq. Rusiya 2025-ci ilə qədər çalışır ki, regionda gərginlik artsın, sülh müqaviləsi adı altında bir saziş imzalansın və o saziş sülhməramlılarda qeyri-müəyyən vaxtadək regionda qalsın.
Bu rəsmi Bakının razı ola bilməyəcəyi məsələdir. Hesab edirəm Azərbaycan tərəfi məhz buna görə çalışır ki, sülh tez bir zamanda imzalansın. Lakin bizim təklifimiz sülhün Brüssel formatı çərçivəsində imzalanmasıdır. Belə olan təqdirdə hansısa konsturktiv danışıqlardan və həlli gələcəyə qala biləcək ehtimal məsələnin dinc yolla həllindən danışmaq olar”.
Turan Rzayev
Globalinof.az