Yazıçı Azad Qaradərəli bir qədər əvvəl vəfat edən şair İman Usuboğlu ilə bağlı maraqlı məlumatları bölüşüb.
Globalinfo.az xəbər verir ki, o, İ.Usuboğlunun son anları barədə maraqlı bir detalı paylaşıb:
“Usuboğlu 1954-cü ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Hamamlı rayonunun Saral kəndində dünyaya göz açıb. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirdikdən sonra kəndlərində çalışıb. Sonra zavodda işləyib, millətçi ermənilərlə yola getmədiyi üçün Rusiyaya gedib. Orada da qərar tuta bilmədiyindən Bakıya qayıdıb. Mühasib, gözətçi işləyib.
Bütün bu illər ərzində şeirlər və hekayələr yazıb. Müxtəlif mətbu orqanlarda, o cümlədən bizim “Yazı” dərgisində əsərləri işıq üzü görsə də, kitab nəşr edə bilməyib. Hətta üzvü olduğu Yazıçılar Birliyi də bu işdə ona qucaq açmayıb…
İman Usuboğlu
Mən burada yazdığım faktları onun vəfat xəbərini aldığım kürəkəni Tərlan bəydən əldə etmişəm. Tərlan bəy deyir ki, “vəfat etməzdən əvvəl stolunun üstündə sizin kitabınız vardı, ona görə ilk sizə telefon açdım”. Bu fakt məni kədərləndirdi. Görəsən, niyə məhz mənim kitabımı əlinə götürübmüş? Bəlkə, mənə sözü vardı? Heyf ki, indi bunu bilmək iqtidarında deyilik…
Yazıçı dostum Əlabbas belə bir fikir bildirmişdi ki, demiyəsən, Usuboğlu şair Hüseyn Arifin qardaşı oğlu imiş…
Mən bu xəbəri təsdiq edəcək heç bir fakt tapa bilmədim…
Zira nə dəyişəcəkdi ki?! Olan olmuşdu…
Allah hər ikisinə rəhmət eləsin…”
Qeyd edək ki, İ.Usuboğlu iyunun 14-də vəfat edib.
Aqşin
Globalinfo.az