“Məktəblərdə fəaliyyət göstərən idman zalında baş verən neqativ halları bir qurumun üzərinə atmaq olmaz”.
Globalinfo.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, məktəblərdəki idman zallarının mahiyyəti peşəkar idmançı yetişdirmək deyil:
“Sadəcə olaraq uşaqların asudə vaxtlarının daha səmərəli keçirilməsi üçündür. Onların arasından çıxacaq peşəkar idmançıları federasiyalar yetişdirməlidir”.
Qeyd edək ki, aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
M.Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.