“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi insan və vətəndaş hüquqlarının müdafiəsi, ədalət mühakiməsinə əlçatanlığın artırılması və sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev Milli Məclisin Plenar iclasında deyib.
O bildirib ki, layihənin əsas üstünlüyü pulsuz hüquqi yardım sahəsində münasibətlərin vahid qanunla tənzimlənməsi, dövlət təminatlarının müəyyən edilməsi və hüquqi yardım mexanizmlərinin sistemləşdirilməsidir:
“Qanun layihəsində ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, işsiz şəxslər, əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər, yetkinlik yaşına çatmayanlar, qaçqınlar və digər həssas qruplar üçün pulsuz hüquqi yardım imkanları nəzərdə tutulur. Bu yanaşma hüquqi müdafiənin maddi imkanlardan asılı olmadan hər kəs üçün əlçatan olmasına xidmət edir”.
Deputat qeyd edib ki, layihənin digər mühüm üstünlüyü ilkin hüquqi yardım institutunun yaradılmasıdır:
“Bu institut vətəndaşların hüquq və vəzifələri barədə məlumatlandırılmasını, ərizə və şikayətlərin hazırlanmasına kömək göstərilməsini, hüquqların məhkəmədənkənar müdafiəsi imkanları haqqında məlumat əldə etməsini nəzərdə tutur. Bununla yanaşı, paraleqallar institutunun yaradılması və hüquq klinikalarının prosesə cəlb edilməsi hüquqi xidmətlərin əhatəsini genişləndirə bilər. Qanun layihəsində cinayət və inzibati xəta icraatlarında hüquqi müdafiəyə ehtiyacı olan şəxslərin dövlət hesabına peşəkar hüquqi yardımla təmin edilməsi də müsbət addımdır. Xüsusilə insan alverinin qurbanlarına, cinsi istismar və zorakılığa məruz qalmış uşaqlara, məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsi onların hüquqlarının qorunması baxımından vacibdir”.
Samir Vəliyev
Samir Vəliyev bildirib ki, müraciətlərə baxılması üçün konkret müddətlərin müəyyən edilməsi, pulsuz hüquqi yardımdan imtinanın əsaslandırılması və həmin qərarlardan şikayət vermək imkanının yaradılması şəffaflığın artırılmasına xidmət edəcək:
“Eyni zamanda, sistemin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi və vəkillərin xidmət haqlarının müəyyən edilməsi onun davamlı fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Bununla belə, qanunun effektiv tətbiqi üçün bir neçə məqam nəzərə alınmalıdır. İlk növbədə, pulsuz hüquqi yardım almaq hüququ olan şəxslərin müəyyənləşdirilməsi meyarları aydın olmalı, müraciət və sənədləşmə prosedurları vətəndaşlar üçün əlavə maneələr yaratmamalıdır. Həmçinin göstərilən hüquqi yardımın keyfiyyətinə nəzarət edilməli, əsassız imtinalardan müdafiə mexanizmləri səmərəli işləməli və dövlət büdcəsindən ayrılan vəsait real tələbatı qarşılamalıdır”.
Deputat hesab edir ki, qanun layihəsi vətəndaşların hüquqlarının müdafiəsinin gücləndirilməsi, ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi və sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır:
“Bu əsaslarla “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini müsbət qiymətləndirir və birinci oxunuşda dəstəkləyirəm”.
Zaira Akifqızı
Globalinfo.az