İspaniyanın paytaxtı Madriddə dövlət pensiya sisteminin qorunması tələbi ilə minlərlə insan küçələrə çıxıb.
Globalinfo.az xəbər verir ku, bu barədə “El País” qəzeti məlumat yayıb.
Məlumata görə, səhər keçirilən yürüş hər il oktyabr ayında təşkil olunur. Lakin aksiyanın təşkilatçıları bu dəfə iştirakçıların sayının iki dəfə artdığını bildiriblər. Buna səbəb pensiya məsələsinin seçkiqabağı kampaniyanın əsas mövzularından birinə çevrilməsidir.
Təşkilatçıların məlumatına görə, yürüşə təxminən 50 min nəfər qatılıb. Hökumətin hesablamalarına əsasən isə iştirakçıların sayı 25 min nəfər olub.
Aksiya uzun illərdir İspaniyanın müxtəlif bölgələrindən pensiyaçıları paytaxta toplayan Dövlət Pensiya Sisteminin Müdafiəsi üzrə Koordinasiya Şurasının təşəbbüsü ilə keçirilib.
Pensiya sistemi ilə bağlı müzakirələr son günlər sağçı qüvvələrin ziddiyyətli açıqlamalarından sonra daha da aktuallaşıb. “Vox” partiyasının deputatı Xose Mariya Fiqaredo mövcud sistemi “zombi” adlandıraraq bölüşdürmə prinsipi ilə özəl pensiya yığımlarını birləşdirən modelə keçidi təklif edib.
Xalq Partiyasının deputatı Ester Munyos isə sistemin “dağılacağını” bildirərək onun cəsarətli şəkildə dəyişdirilməsinin vacibliyini vurğulayıb. Partiya liderləri yaranmış narahatlığı azaltmağa çalışaraq pensiyaçıları dəstəklədiklərini və pensiya ödənişlərinin yenidən indeksləşdirilməsinin tərəfdarı olduqlarını bəyan ediblər.
Qeyd edək ki, oktyabrın 5-də İspaniyanın baş naziri Pedro Sançes Sosialist Partiyasının mövqelərinin zəifləməsi fonunda parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarını açıqlayıb.
Bu qərara hökumətin mənzil məsələləri ilə bağlı hazırladığı iki fərman layihəsinin Deputatlar Konqresində qəbul edilməməsi səbəb olub.
Həmin təşəbbüslər Madriddə 87 yaşlı Mari Karmen Abaskalın evindən çıxarılmasından sonra baş qaldıran sosial etirazlara cavab olaraq hazırlanıb.
Əliyar Xəlil