Azərbaycan və Rusiya arasındakı mövcud gərginlik fonunda rus siyasətçilər, politoloqlar bu dəfə ölkəmizə qarşı fərqli təsir üsullarından istifadə etməyə çalışırlar. İddia olunur ki, Rusiya Prezidenti Vladimir Putin imkan verməsə idi, Azərbaycan Qarabağ müharibəsində qalib gələ bilməzdi. Hətta torpaqları üzərində suverenliyimizi bərpa etməyimizin tək səbəbi də Rusiyanın mövqeyi ilə olduğu diqqətə çatdırılır.
Digər tərəfdən xatırladaq ki, bir müddət öncə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bənzər açıqlama verərək Türkiyənin müharibədə rolunun böyük olduğunu vurğulamışdı. Görünür, Azərbaycan dövlətinin, Ali Baş Komandan kimi İlham Əliyevin, ordumuzun bu məsələdə rolu bilərəkdən kiçildilir.
Bu geosiyasi qaxıncına nə kimi cavab vermək olar? Əslində İkinci Qarabağ müharibəsində nə baş verib?
Globalinfo.az-a danışan tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib ki, 44 günlük Vətən müharibəsində böyük qələbənin baş müəllifi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, qəhrəman şəhidlərimizin, qazilərimizin, zabit və əsgərlərimizin simasında Ordumuzdur, qəhrəman Azərbaycan millətidir:
“Ali Baş Komandan siyasi, diplomatik fəaliyyəti ilə hər ötən gün qələbəni yaxınlaşdırıb. Torpaq qan bahasına alınıb. Qələbə döyüş meydanında qazanılıb. Diplomatik masada davam etdirilib. Müharibə dövründə Azərbaycana böyük siyasi və mənəvi dəstək verən dövlətlər olub. Bunların ən birincisi qardaş Türkiyə, türk xalqı idi. Biz bunu unutmarıq və bu bizim – türk dünyasının ortaq tarixidir.
Elnur Kəlbizadə
Bu həmin türk xalqıdır ki, hələ Balkan müharibələri dövründə də, 1920-ci ildə Mustafa Kamal Paşanın rəhbərliyi ilə Milli İstiqlal Mücadiləsi aparan zaman da Azərbaycan xalqının maddi və hərbi dəstəyini görüb. Türk dövlət ağlı bunları unutmayıb. Eyni zamanda qonşu Rusiya Federasiyası məhz Azərbaycan Prezidentinin siyasi zəkası sayəsində status-kvonun dəyişilməsini qəbul edib. Azərbaycanın diplomatik və hərbi meydanda yaratdığı reallıqlar bu qələbəni dünyaya qəbul etdirib. Bu qələbə eynən Mustafa Kamal Paşanın və türk xalqının qazandığı qələbəyə bənzəyir. Mustafa Kamal Paşa o zaman bolşeviklərdən, eləcə də Azərbaycandan silah dəstəyi, maddi dəstək almışdı. Lakin bu qələbəni onun komandanlığı altında türk xalqı qazanmışdı.
SSRİ də nasist Almaniyasına qarşı müharibə aparanda ABŞ və Böyük Britaniyadan dəstək almışdı. Amma bu gün də Rusiyada vurğulamağı sevirlər ki, qələbəni Sovet İttifaqı, rus xalqı başda olmaqla SSRİ əhalisi qazanmışdı. Kimsə ABŞ və Böyük Britaniya qələbə qazandı desə, ən yaxşı halda ona istehza ilə gülürlər.
Deməli, obyektiv məntiq deyir ki, müharibə aparmaq üçün mənəvi, siyasi dəstək almaq, diplomatik iş aparmaq, hansısa qüvvələri neytrallaşdırmaq tam normaldır. Bu onların heç birini sizin qələbənizin müəllifinə çevirmir. Azərbaycan xalqı qələbəyə görə öz Ali Baş Komandanına, Ordusuna minnətdardır”.
Safura Bənnayeva
Globalinfo.az














