Azərbaycan Ordusu 4 il öncə nə etdi? – Dünya heyrət içində

Bu gün 8 Noyabr – Zəfər Günüdür. Bu tarix Azərbaycan üçün mühüm bir dönüş nöqtəsidir. Qarabağ Zəfəri yalnız Azərbaycanın daxili siyasətində deyil, həm də regionda və beynəlxalq arenada əsaslı dəyişikliklərə səbəb oldu.

Azərbaycan 30 ildən artıq davam edən Qarabağ münaqişəsinin həllinə sülh və diplomatik yollarla nail olmağa çalışdı. Lakin hərb variantı ehtimalını da nəzərə alaraq ordunu gücləndirdi. Rəsmi Bakı xüsusilə diplomatik kanallarla yeni tərəfdaşlar, müttəfiqlər qazanırdı. Lakin həm Ermənistanın qeyri-konstruktiv mövqeyi, həm də beynəlxalq aləmin səssizliyi səbəbindən danışıqlar yolu yetərsiz qaldı. Paralelində Ermənistanın təxribatları intensivləşdirməsi gərginliyi yenidən aktiv fazaya keçirdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordumuz Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatlarına başladı. 44 günlük əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri öz əzəli yerinə – Azərbaycana qayıtdı.


Şuşa zəfəri xüsusilə dünya hərb tarixinə düşəcək əməliyyatın nəticəsi idi. Azərbaycan hərbçiləri yalın əl və məhdud silah-sursatla Şuşa şəhərinə gözlənilməz nöqtədən daxil olaraq qısa zaman ərzində şəhəri işğaldan azad etdi. Müqayisə üçün deyim ki, həmin əməliyyat bu gün də Qərb ölkələrində, NATO qüvvələrində araşdırılır, tədris edilir.

Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.

Turan Rzayev
Globalinfo.azın siyasət yazarı