Beynəlxalq Valyuta Fondu 2023-cü il üzrə iqtisadi artım proqnozlarını açıqlayıb. Belə ki, Gürcüstan üçün 4%, Ermənistan üçün 3,5%, Azərbaycan üçün 2,5% iqtisadi artım proqnozlaşdırılıb.
Azərbaycanın ümumdaxili məhsulunun həcmi hazırda Cənubi Qafqaz respublikalarının ən böyüyüdür. Bu rəqəm Gürcüstanla Ermənistanın birgə ÜDM rəqəmlərindən də yüksəkdir.
Maraqlıdır, Beynəlxalq Valyuta Fondunun 2023-cü il üzrə iqtisadi artım proqnozlarına görə, Gürcüstan və Ermənistan nə üçün Azərbaycanı üstələyir?
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən iqtisadçı ekspert, deputat Vüqar Bayramov deyib ki, 2023-cü ildə Azərbaycan hökuməti 3,5% iqtisadi artım proqnozlaşdırıb:
“Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizini formalaşdırır. Yəni Azərbaycanda artım digər iki ölkə ilə müqayisədə daha yüksəkdir.
Bütün bunlara baxmayaraq, 2023-cü ildə iqtisadi artım faizinə bir sıra faktorlarda təsir göstərə bilər.
Birincisi, Rusiya-Ukrayna müharibəsi hazırda davam edir. Müharibənin təsirləri isə digər regionlar kimi Cənubi Qafqazda da hiss edilir.
2023-cü ildə müharibənin davam edib və ya bitməsi regionumuza, eyni zamanda Azərbaycan iqtisadiyyatına da təsir edəcək.
İkincisi, neftin real bazar qiymətinin dəyişməsi iqtisadi artıma təsir edə bilər. Belə ki, neftin bazar qiymətinin dəyişməsinin Azərbaycana daxil olan valyutaya və neft sektorunda artımlara təsir göstərməsi mümkündür.
Bütün bunlara baxmayaraq, deyə bilərəm ki, mavi qaz ixracatının artmasına görə, 2023-cü ildə neft sektorunda və neft ümumdaxili məhsulunda artım qeydə alınacaq. Bir daha qeyd edirəm ki, Azərbaycan hökumətinin 2023-cü il üçün iqtisadi artım proqnozlarını 3,5 faizdir.
Turan Rzayev, Globalinfo.az